Xüsusi karantin rejimi dövründə işləyəcək obyektlərin adları açıqlandı - SİYAHI
Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədi ilə respublika ərazisində, o cümlədən paytaxt Bakıda bəzi obyektlərin fəaliyyəti dayandırılır, bir sıra obyektlər isə fəaliyyətlərini davam etdirirlər.
E.Zahidov qeyd edib ki, vətəndaşların ən çox maraqlandıran - bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılır: “Avtoyuma məntəqələri, avtomobil təmiri sexləri, avtomobil ehtiyat hissələrinin satışı mağazaları, tikinti materiallarının satışı mağazaları, kimyəvi və quru təmizləmə məntəqələri, mal-qara yemi satılan mağazalar, Zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət yoxdur”.
DİN rəsmisi vətəndaşların şəxsi nəqliyyat vasitələrindən istifadəsinə qadağa qoyulması barədə yayılan məlumatlara da münasibət bildirib. Qeyd edib ki, şəxsi nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlar yalandır: “Şəxsi avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb. Bununla belə tövsiyə olunur ki, ciddi zərurət olmadan lüzumsuz yerə nəqliyyatdan istifadə olunmasın. Avtomobil sahibləri və sürücülər yol hərəkəti və rejim qaydalarına ciddi riayət eləsinlər”.
Operativ Qərargahın yaydığı məlumata əsasən, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.
Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılır, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.
Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılır və evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.
Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.