Sənaye

“Saudi Aramco” gələn neft tədarükünü azaltmaq niyyətində deyil

Dünyanın aparıcı, Səudiyyə Ərəbistanının isə milli neft istehsalçısı - “Saudi Aramco” şirkəti gələn ay gündəlik neft tədarükünün həcmini 12,3 milyon barel səviyyəsində saxlamaq niyyətindədir.

ENA.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Əmin Nasir bildirib.

“Apreldə bizim gündəlik hasilatımızın həcmi 12 milyon barel olacaq, daha 300 min barel nefti isə anbarlarımızdan cəlb edəcəyik. Sonrakı planlarımız ehtiyaca görə tərtib ediləcək. Biz hasilatı bazarın ehtiyacını öyrənərək yalnız bir aylıq müddətə planlaşdırırıq”, - deyən şirkət rəhbəri əlavə xərclər çəkmədən bir il müddətində maksimum güc həddində çalışa biləcəklərini də dilə gətirib.

“Saudi Aramco” neftin lap aşağı qiymətinə başqa iri şirkətlərə nisbətən daha uzun müddət tab gətirmək iqtidarındadır”, - deyən Ə.Nasir mövcud qiymətlərin onlar üçün sərfəli olduğunu, səhmdarları və tərəfdaşları qarşısındakı öhdəliklərini yerinə yetirməyə imkan verdiyini də qeyd edib.

Xatırladaq ki, ötən həftə Səudiyyə Ərəbistanı hökuməti aprel ayında tədarük edəcəkləri neftin qiymətində rekord həddə endirimə getdiklərini, gündəlik hasilatı 13 milyon barelə çatdırmaq niyyətində olduqlarını açıqlamışdı. Bu açıqlama OPEC+ formatında hasilatın daha da azaldılmasına dair Rusiyaya razılaşmanın baş tutmamasından sonra verilib. 

Bu gün London əmtəə birjasında “Brent” markalı neftin qiyməti əvvəlki hərraca nisbətən 10,5% azalaraq 30,3 ABŞ dollarına, Nyu-York əmtəə birjasında isə WTI markalı neftin isə qiyməti 8% azalaraq 29,53 ABŞ dollarına düşüb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)