Bank

"AGBank" vəkillərin qəzəbinə tuş gəldi: "Daha həssas olun"

Vəkillər Kollegiyası (VK) bank rəhbərinin mediada səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb.

"BI" xəbər verir ki, bəyanatda qeyd olunub ki, bu günlərdə mətbuatda “AGBank”ın İdarə Heyətinin sədri Əfqan Cəlilov təmsil etdiyi bank tərəfindən verilmiş kreditlərin yığılmasında çətinliklərin yaranmasının vəkillərin fəaliyyəti ilə əlaqədar olduğu barədə fikirlər səsləndirib. Bəyanatda deyilir:

“Vəkillər Kollegiyasının üzvləri qanunvericiliklə müəyyən olunmuş qaydada fiziki şəxslərin, habelə banklar da daxil olmaqla hüquqi şəxslərin hüquqlarının qorunması sahəsində Konstitusiya və qanunlar əsasında fəaliyyət göstərirlər. Bu zaman onlar təmsil etdikləri şəxslərin maraqları naminə qanunvericiliyə zidd olmayan müdafiə vasitələrindən öz mülahizələri əsasında istifadə etməkdə sərbəstdirlər.

Vəkillərin fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə zidd müdafiə vasitələrindən istifadə olunması faktları aşkar edildiyi təqdirdə, şikayətçi olan şəxslər bu barədə VK-nın Rəyasət Heyətinə müraciət etmək hüququna malikdirlər.

Yuxarıda göstərilənlərə əsasən, VK konkret faktlar təqdim edilmədiyi təqdirdə bu cür bəyanat və fikirləri məqbul hesab etməməklə, insan və vətəndaşların hüquqlarının səmərəli müdafiəsi işinə zidd hesab edir.

İnsanların hüquq və azadlıqlarının müdafiəsini təmin etmək kimi konstitusion funksiya daşıyan vəkillərə münasibətdə mətbuatda səsləndirilən bu kimi fikirlər vəkillik institutunun cəmiyyətdə nüfuzuna mənfi təsir göstərir. Vəkillər Kollegiyası bu kimi məsələlər ilə bağlı gələcəkdə fikirlər səsləndirilərkən rəsmi şəxslərdən daha həssas olmalarını xahiş edir”.

Qeyd edək ki, Ə.Cəlilov bildirib ki, Azərbaycanda müştəriləri səhv istiqamətləndirən bir qrup “ağıllı” vəkillər əmələ gəlib: “Bu vəkillər öz qazancları naminə müştəriləri öyrədirlər. Onların tövsiyyələri ilə müddət uzadılır. İşin uzanması perspektivsiz olsa da belə, bu müddət ərzində vəkil müştərinin pulunu alır. Sadəcə vaxt uzadılır və uzanan vaxta görə banka zərər dəyir. Göründüyü kimi, bu məsələdə banklar dövlət vəsaitlərinin vaxtlı-vaxtında geri ödənilməsini öz vəsaitləri hesabına təmin edərək, bir növ bufer rolunu daşıyırlar ki, nəticədə dəyən zərəri öz üzərlərinə götürürlər. Lakin, bu cür vəkillərin fəaliyyəti nəticəsində isə, ayrı-ayrı sahibkarlar dövlət vəsaitlərinin banklara geri qaytarılmasının uzanmasına və bəzi hallarda bu vəsaitlərin ümumiyyətlə mənimsənməsinə nail olmağa çalışırlar”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department