"Əsrin müqaviləsi"ndə - PAYLAR DƏYİŞDİ
Azərbaycan hökuməti Macarıstanın MOL şirkəti tərəfindən Amerikanın “Chevron” şirkətinin “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsi və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərindəki payının alınmasına dair sazişi təsdiq edib.
ENA.az xəbər verir ki, “Azərbaycan tərəfi MOL şirkəti tərəfindən “Chevron” şirkətinin AÇG layihəsindəki səhmlərin 9,57%-nin və BTC layihəsindəki səhmlərin 8,9%-nin alınması haqqında sazişi təsdiq edib”, - SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən sazişin təsdiqi mühüm mərhələdir və nəticə olaraq, MOL “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə konsorsium və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tamhüquqlu üzvü oldu.
Macarıstanın “MOL Plc.” şirkəti noyabrın 4-də “Chevron” şirkətinin AÇG yataqlar blokunun işlənməsi layihəsi və Bakı-Tbilisi-Ceyhan neft kəmərindəki payını $1,57 mlrd.-a aldığı barədə elan edib.
Xüsusilə MOL şirkəti “Chevron Global Ventures, Ltd” və “Chevron BTC Pipeline, Ltd” şirkətləri ilə AÇG layihəsindəki səhmlərin 9,57%-nin və BTC layihəsindəki səhmlərin 8,9%-nin alınması haqqında saziş imzalayıb.
Bu sövdələşmə başa çatdıqdan sonra MOL AÇG-də üçüncü səhmdar (payın həcminə görə - İF) olacaq.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 mlrd. məbləğində qiymətləndirilir. Proqnozlara görə, 500 mln. tondan çox neft hasil olunacaq.
Azərbaycanda neft hasilatının 2/3 hissəsi AÇG blokunun payına düşüb.