Sosial iqtisadiyyat

AZAL yeni texnologiyaya keçdi

"Amadeus” şirkətinin Yaxın Şərq, Türkiyə və Afrika üzrə icraçı vitse-prezidenti Maher Kubaanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib. 

Bu barədə "ENA"ya "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib. 

Məlumata görə, AZAL prezidenti Cahangir Əsgərovla görüşdə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən yeni “Amadeus Altéa Passenger Services Systems” (PSS) həllinin uğurlu inteqrasiyası müzakirə edilib. Bu qərar AZAL aviaşirkətinə sərnişin xidmətlərini fərdiləşdirməyə kömək edəcək, bronlaşdırma sisteminin, uçuşa nəzarətin, inventar məlumat bazasının və gəlirlərin idarə edilməsi sisteminin funksionallığını keyfiyyət baxımından təkmilləşdirəcək.

“Altéa”nın üstünlüklərini həmçinin aviaşirkətin agentləri tərəfindən hiss ediləcək. İndividual sərnişin hesablarının (PNR) mərkəzləşdirilmiş şəkildə saxlanması sayəsində inventarlaşdırma və bronlaşdırmanın idarə olunmasının keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq.

"Biz aviasiya sahəsində IT həllərin aparıcı təchizatçısı - “Amadeus” ilə fəal əməkdaşlığımızı davam etdiririk. Yeni “Altea PSS” sisteminə keçid AZAL-ın sərnişinlərinə göstərilən xidmətin keyfiyyətini yüksəltməyə imkan verəcək", - Cahangir Əsgərov qeyd edib.

Onun sözlərinə görə, müəyyən müddət ərzində yeni sistemə keçidlə əlaqədar sərnişinlər biletlərin onlayn bronlaşdırılması zamanı bir sıra çətinliklərlə üzləşmişdilər. Lakin bu gün sistem uğurla fəaliyyət göstərir və demək olar ki, bütün məsələlər öz həllini tapıb.

“Amadeus Altea PSS həllərini tətbiq etmək ilə AZAL-ın müştərilərinə daha yüksək səviyyədə xidmət göstərəcək. “Altéa”nın arasıkəsilməz texnoloji həlləri sayəsində ölkənin flaqman aviadaşıyıcısı Azərbaycanda hava səyahətinə artan tələbatı maksimal dərəcədə dəstəkləyə biləcək", - Maher Kubaa qeyd edib.

Qeyd edək ki, “Amadeus” həlləri həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda geniş istifadə olunur. Paytaxtın hava limanı ötən yay “Amadeus”un ən yeni həllərini tətbiq edərək dünyada bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanı olub.

“Azərbaycan Hava Yolları” (AZAL) iri aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2019-cu ildə “Azərbaycan Hava Yolları” və onun struktur bölməsi olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti birlikdə 2 milyon 600 mindən çox sərnişin daşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department