Hadisə

Ukraynada yenidən müharibə başlayıb: ölənlər var

Bu gün səhər saatlarından Ukraynanın Donbas bölgəsində ordu ilə separatçı silahlılar arasında ağır döyüşlər başlayıb.

Bunu “Facebook” səhifəsində ukraynalı jurnalist Yuri Butusov yazıb.

Onun sözlərinə görə, Ukrayna tərəfi itkilər verib.

Jurnalist bildirib ki, yerli vaxtla səhər saat 05:00-da (Bakı vaxtilə 07:00) Donbas bölgəsində silahlılar Ukrayna əsgərlərinin dayandığı postlara hücum ediblər. Nəticədə ağır döyüşlər başlayıb. Onun sözlərinə görə, separatçılar 152 mm çaplı kalibr artilleriya və 120 mm çaplı minomyot daxil olmaqla bütün növ silahlardan istifadə edirlər. Bu, 2018-ci ildən bəri ilk genişmiqyaslı döyüşlərdir.

Ukrayna Müdafiə Nazirliyi hazırda bölgədə döyüşlərin getdiyini və itkilərin olduğunu təsdiqləyib. 

Xatırladaq ki, Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar 2014-cü ilin aprel ayında başlayıb. Nəticədə Donetsk və Luqansk regionları separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Ukrayna tərəfi dəfələrlə bəyan edib ki, separatçıların sırasında Rusiya hərbçiləri də var. Rusiya bu ittihamı rədd edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)