Bu hallarda alkotester sürücünü sərxoş göstərsə belə cərimə tətbiq EDİLƏ BİLMƏZ
Ölkədə sürücülərin avtomobili sərxoş halda idarə etməsi səbəbilə çox sayda ağır qəzalar baş verir. Mütəxəssislərin sözlərinə görə, spirtli içki qəbul edən şəxsin reaksiya müddəti azalır və sürücü spirtli içkini az qəbul etsə belə istənilən vaxt qəza edə bilər. Bu səbəblə yol polisi şübhələndiyi istənilən sürücünü alkotesterlə yoxlaya bilər. Bəs alkostesterin nəticələri həmişə doğru olurmu? Əgər 0,3 dən artıq spirt çıxıbsa, yol polisi yerində cərimə tətbiq edə bilərmi? Spirtli içki qəbul etmədiyimizdən əminiksə və testlər bunun əksini göstərirsə hansı addımları atmalıyıq? Bütün bu sualların cavabı yazımızda.
Həkim Habil Hüseynov açıqlamasında bildirdi ki, alkoqol insan bədənindən 24 saat ərzində xaric olur:
"Qeyd edim ki, qəbul edilən spirtli içkinin miqdarı önəmlidir. Bu səbəbdən alkoqolun bədəndən xaric olması orqanizmə görə dəyişir. Mədədə xəstəliyin olub-olmaması, çəki, insanın yaşlı və ya cavan olması əsas göstəricilər sırasındadır. Alkoqol yaşlı adamların bədənindən daha gec xaric olur. Spirtli içki çəkisi çox olan insanların orqanizmini isə digərləri ilə nisbətdə daha az vaxtda tərk edir. Digər tərəfdən də içkinin miqdarından da çox şey asılıdır. Qaraciyərin alkoqolu parçalama qabiliyyəti var. Həmin proses içkinin miqdarına görə dəyişir". 0,3-0,6 faiz spirtli yarım litr pivə ən tez 3 saata bədəndən xaric olar bilir. Yeri gəlmişkən qeyd edim ki, tərkibində alkoqolun olmadığı iddia edilən bəzi pivələrlə istehsalçılar insanları aldadır. Onların tərkibində az da olsa spirt var. Bu səbəbdən həmin içkidən müəyyən miqdarda qəbul edildikdən sonra çox rahat şəkildə yoxlanış vaxtı qanda spirt çıxa bilər".
Habil Hüseynovun sözlərinə görə, heç vaxt spirtli içki qəbul etməyən şəxslərin orqanizmində belə az miqdarda spirtin olması mümkündür:
"Bədənimizdəki mübadilə proseslərində, bağırsaqlardakı qıcqırmalar səbəbilə az miqdarda da olsa spirt ortaya çıxır. Bu səbəbdən alkotesterlərdə limit sıfır olaraq qəbul olunmur. Qeyd edim ki, spirtli içki qandan tam çıxdıqdan sonra belə alkotester insan orqanizmində spirtli içki olduğunu göstərə bilir. Bu halda qanda spirtin olub-olmaması əsas götürülür. Çünki, spirtli içki qandan 5-9 saat ərzində xaric olur"
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı isə açıqlamasında bildirdi ki, yol polisi istənilən şübhəli halda alkotesterlə sürücünün spirtli içki qəbul edib-etməməsini yoxlaya bilər:
"Əgər həmin yoxlamada 0,3 promildən yuxarı spirtli içki çıxar və sürücü də buna etiraz etməzsə, ona yerində protokol tərtib edilə bilər. Ancaq, sürücü alkotesterin nəticəsinə şübhə edirsə, və sərxoş olmadığından əmindirsə həkim müayinəsi tələb etməlidir. Bu vaxt yol polisi sürücünü həkim müayinəsinə aparır və qan analizi götürülür. Əgər hər iki nəticə üst-üstə düşürsə protokol tərtib olunur. Əgər üst-üstə düşmürsə həkimin yazdığı rəy əsas götürülür".