MALİYYƏ

"Ötən il icmal büdcənin profisiti proqnoza nisbətən 2,9 dəfə çoxdur"

"Ötən il icmal büdcənin gəlirləri 33,8 mlrd manat və ya 2018-ci illə müqayisədə 9,4%, xərcləri isə 26,5 mlrd manat həcmində icra olunub". 

ENA” xəbər verir ki, bunu bu gün keçirilən kollegiya iclasında Azərbaycan Maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifovun sözlərinə görə, icmal büdcədə 7,3 mlrd manat profisit əldə olunub ki, bu da proqnoza nisbətən 2,9 dəfə çoxdur: "İl ərzində dövlət büdcəsi qarşısında duran bütün vəzifə və funksiyalar - müdafiə, milli təhlükəsizlik, sosial, investisiya, mədəniyyət, idman və digər sahələrdə tədbirlərin maliyyələşdirilməsi tam təmin edilib, eyni zamanda dövlət büdcəsi xərclərinin bəzi maddələri üzrə qənaətlər əldə olunub".

Nazir bildirib ki, 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24,2 mlrd manat və ya təsdiq olunmuş proqnoza qarşı 4,5% çox, xərcləri 24,4 mlrd manat və yaxud 97% icra edilib: "Dövlət büdcəsinin kəsiri 2 mlrd manat proqnoza qarşı 207 mln manat olub. Dövlət büdcəsi kəsirinin əhəmiyyətli dərəcədə daralması, ilk növbədə vergi və gömrük orqanları tərəfindən büdcə daxilolmaları üzrə proqnozların artıqlaması ilə icra edilməsi, habelə xərclər üzrə qənaətlərin əldə edilməsi ilə bağlı olub”.

Onun sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsinin digər vacib elementi 640 milyon manat vəsait tutumu olan və 593 min fiziki şəxsi əhatə edən problemli kreditlərinin həll edilməsi ilə bağlı dövlət başçısının imzaladığı humanist fərmanının icrası olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department