Bank

120 milyonluq nizamnaməsi, 15 milyonluq bölüşdürülməmş mənfəəti olan "Atabank"a 4 ayda nə oldu?

Cəmi 4 ay əvvəl nizamnamə kapitalı 120 milyon manat, 14 milyon 886 min manat bölüşdürülməmş mənfəəti olan "Atabank" hazırda vaxtı bitmiş əmanətlərin qaytarılmasında çətinlik çəkir. Bankdan isə əmanətçilərə bildiriblər ki, Mərkəzi Bankın qərarını gözləyirlər. Maraqlıdır, son 4 ayda birdən-birə nə dəyişdi? Və ya ictimaiyyətə açıqlanan hesabatlar ümumiyyətlə reallığı əks etdirirdimi?  

 

4 ay əvvəlki rəsmi vəziyyət 

ENA.az xəbər verir ki, hazırda açıqlanan durum belədir ki, problemli kreditlər kapitalı belə yeyib və nəticədə bankda ciddi likvidlik problemi yaranıb. cəmi 4 ay əvvəl bankın açıqlanan durumu necə idi, əvvəlcə buna baxaq. 

Yanvar-sentyabr ayları üzrə rəqəmlər göstərir ki, bank müsbət zonadadır və əsasən pərakəndə bankçılıq xidmətləri təqdim edir. Hesabata görə, bankın mənfəəti 22 min manat olub. 

Ötən ilin eyni dövrü ilə müqayisədə bankın depozit portfelində 3 milyon 315 min manat, müştərilərə verilmiş kreditlərin həcmində isə 6 milyon 637 min manat artım mövcud idi.  

“Atabank”ın ötən 9 ayda gəlirləri 28 milyon 341 min manat olub ki, bu, illik müqayisədə 19,8% azdır. Xərclərdə də azalma qeydə alınıb və 33 milyon 31 min manat təşkil edib. Bank xüsusi ehtiyatlara ayırmalarını 3 dəfə artıraraq 4 milyon 991 min manata yüksəldib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Atabank”ın aktivləri 532 milyon 74 min manat olub. Bunun 341 milyon 465 min manatı müştərilərə verilmiş xalis kreditlərdir, hansı ki indi həmin kreditlərin qaytarılmamasının problem yaratdığı son 4 ayda məlum olub. Bu isə o deməkdir ki, bankın kredit portfelinin aktivlərdəki payı 64% təşkil edir. 

Hesabat dövründə “Atabank”ın öhdəlikləri 389 milyon 438 min manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 12% azdır. Bankın depozit portfeli bu ilin 9 ayının yekununda 286 milyon 268 min manat olub. Bankda fiziki və hüquqi şəxslərin müddətli depozitlərinin həcmi 256 milyon 540 min manat təşkil edir. Bunun 253 milyon manatı fiziki şəxslərin əmanətləridir. 

Maraqlı göstəricilərdən biri “Atabank”ın kapitalı ilə bağlıdır. Belə ki, bankın nizamnamə kapitalı müəyyən artımla 120 milyon manata çatıb. Qeyd edək ki, minimum norma 50 milyon manatdır. Bankın sərəncamında 14 milyon 886 min manat bölüşdürülməmş mənfəəti vardır. “Atabank” ümumilikdə 7 milyon 730 min manat ehtiyatlara malik idi. 

 

Səbəblərdən biri haqqında: Mənfəətin 93% büdcəyə ödənilib

Bu gün keçirilən mətbuat konfransında səsləndirildi ki, "Atabank"ın indiki probleminin səbəbi dövlət büdcəsinə ödəməsi deyil. Amma gəlin, faktlarla danışaq. Deməli, 2018-ci ilin yekununda Atabank əldə etdiyi mənfəətin 93 faizini vergi öhdəliyi kimi büdcəyə köçürmüşdü.  Daha dəqiq desək, 924 min manat mənfəətin 857 min manatını büdcəyə ödənilmişdi. Əslində burada az da olsa məntiq də var və bildiyimizə görə, vergi ödənişinin tam həcmdə tələb edilməsi bankı çətinliyə salmışdı. Yəni, "layt şəkildə" işləməyə öyrəşmiş komanda birdən-birə ciddi menecment addımları atmağa məcbur oldu. Nəticədə filialların sayında optimallaşdırma baş verdi və yuxarı menecment kürsüsündə bəzi dəyişikliklər baş verdi.  

 

Mərkəzi Bankın birinci hədəfi

Amma görünən odur ki, bu bankın vəziyyətdən çıxmasına imkan vermədi. Vəziyyətdən bütün qurumların xəbərsiz olduğunu da deyə bilmərik, çünki növbəti bank ajiotajının yaranması 2019-cu ildə də ümumiyyətlə sektor üçün məqbul deyildi. Və bugün də məqbul deyil. Düzdür, dayanıqlıq müəyyən qədər təmin edilib, ancaq bu hələki kövrəkdir.    

Bu da danılmaz reallıqdır ki, bank sektorunun sağlamlaşdırılması başa çatmalıdır. Mərkəzi bank sədri Elman Rüstəmovun sözlərinə görə, ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Banka birləşdirilməsindən sonra seçilən priioritetlər sırasında bu birinci yeri tutur. 

"Əsas istiqamətlərdən biri odur ki, maliyyə sektorunun sağlamlaşdırılmasını başa çatdırmalıyıq və artıq elan etməliyik ki, bu proses tam yekunlaşdı. İkinci istiqamət isə maliyyə institunun dərinliyini artırmaqdır".  

 

P.S. Fazil Məmmədovun vergilər naziri olduğu vaxtlarda bu bank xüsusi üstünlüklərə malik idi, xüsusən də vergilərin ödənilməsində. Hətta xatırlayırsınızsa, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısında 18 932 müəssisə və şirkətin adı vardı və həmin dövrdə F.Məmmədovun kurasiyasında olan "Ataholdiq"ə daxil şirkətlərin hamısı, o cümlədən Atabank bu imtiyazdan istifadə etmişdi. İqtisadi sektorda çalışan jurnalistlər bu məsələni "ciddi müzakirə" etmişdi. İndi həmin siyahıya baxmaq istəsəniz "404" görəcəksiniz. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)