Azərbaycanda üstünlük verilən AVTOMOBİLLƏR
“İlin sonu və əvvəli avtomobil bazarı üçün passiv dövr hesab olunur. Demək olar ki, bu, bütün ilər üçün xaraketrikdir. Adətən bazarda aktivlik fevral ayının ikinci ongünlüyündən başlayır. Amma ümumilikdə son vaxtlar avtomobillərin qiymətlərində müəyyən artım meylləri müşahidə olunur. Buna da qəbul olunan inzibati qərarlar, idxalın məhdudlaşdırılması, yeni standartların tətbiqi, gömrük rüsumlarındakı və şərtlərindəki dəyişikliklər və s. təsir göstərir”.
Avtomobil bazarında bahalaşma gözlənilir
Bunu açıqlamasında ekspert Ramil Osmanlı avtomobil bazarındakı vəziyyət və proqnozlarla bağlı danışarkən bildirib.
Bu il üçün proqnozlara gəlincə, R.Osmanlı qeyd edib ki, istismarda olan avtonəqliyyat vasitələri, xüsusilə dəyəri 20 min manatdan aşağı olanların qiymətində 10 faizlik artım gözlənilir:
“Böyük həcmli nəqliyyat vasitələrində də 4-5 faizlik artım olacaq”.
Azərbaycanlıların maraq göstərdiyi avtomobil markaları
Onun sözlərinə görə, hazırda Azərbaycanın avtomobil parkı genişləndikcə, Rusiya istehsalı olan nəqliyyat vasitələrinin bazardakı payı sürətlə azalır:
“Düzdür, 3-4 il əvvələdək təklif paketində təqribən 30 faiz payla “Mercedes Benz” üstün idi. Amma 2015-ci ildən “Avro-4” standartlarının tətbiqindən sonra “Mercedes”in payı azalmağa doğru getdi və bu gün 18 faiz civarındadır. Rusiya istehsalı olan nəqliyyat vasitələrinin bazardakı payı 7-8 faiz arasında dəyişir.
Mən bazarı ümumi qiymətləndirməyin əleyhinəyəm. Çünki burada ilkin və təkrar bazar amillərini nəzərə almaq lazımdır. Təkrar bazarda yenə də üstünlük Almaniya istehsalı olan nəqliyyat vasitlərinin payına düşür. Burada”Mercedes”, “BMW”, “Opel”, “Volkswagen” markaları var.
Amma ilkin bazarda daha çox pay Yaponiyanın “Tayota”, “Nissan”, Cənubi Koreyanın “Hundai” və “KİA” modellərinin payına düşür. Bu markaların payının ilkin bazarda artımı təkrar bazara da təsir göstərməyə başlayıb. Bu gün təkrar bazarda “Tayaota”nın payı 10 faizə yaxınlaşır. Bu mənada düşünürəm ki, avtomobil parkının yenilənməsi növbəti illərdə Rusiya istehsalı olan avtomobillərin bazarda payını bir qədər də azaldacaq. Eyni zamanda, Almaniya istehsalı olan nəqliyyat vasitələrinin payı da sürətlə aşağı düşəcək. Əvəzində “Tayota”, “Nissan”, “Hundai” və “KİA”nın bazarda payı artacaq.
Ümumlikdə bu gün orta statistik azərbaycanlının müraciət etdiyi avtomobillərin qiyməti təxminən 17-18 min manat arasındadır”.
“Niva” tendensiyası...
R.Osmanlı bir müddət əvvəl Rusiya istehsalı olan “Niva”lara marağın artması tendensiyasının səngidiyini bildirib:
“Əlbəttə bu, qısamüddətli tendensiya idi. Amma Rusiya istehsalı olan avtomobillər yalnız “Niva”larla məhdudlaşmır. Hətta elə markalar var ki, onların Azərbaycana idxalı dayandırılıb. Hətta bəziləri artıq istehsal edilmir. Yeni markaların idxaldakı xüsusi çəkisi isə olduqca aşağıdır”.