Prezident yeni qanunu imzaladı - DƏYİŞİKLİK
Prezident İlham Əliyev Əmək Məcəlləsində və “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
ENA.az xəbər verir ki, Əmək Məcəlləsinin 9-cu maddəsinin “o” bəndində “məlumatlarını” sözündən sonra “, habelə iş yerindən elektron qaydada arayışı” sözləri əlavə edilib.
Qeyd edək ki, 9-cu maddə əmək müqaviləsi üzrə işçinin əsas hüquqları ilə bağlıdır.
Həmin maddənin “o” bəndində yazılırdı ki, işçinin elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etmək hüququ var.
Yeni qanunla isə işçinin elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək hüququ olacaq.
“Məşğulluq haqqında” qanunun isə 31-ci maddəsində dəyişiklik edilib. Həmin maddə “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı ilə əlaqədardır.
31.1-ci maddədə “əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə” sözləri “elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə” sözləri ilə əvəzlənib.
Qeyd edək ki, həmin bənddə yazılır ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı yaradılır.
Prezidentin imzaladığı qanunla bu nəzarət qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədi ilə əmək ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının elektron informasiya sisteminin əmək müqaviləsi bildirişi altsisteminə inteqrasiyası əsasında yaradılacaq.