“Azərişıq”da mənimsəmə olub? - RƏSMİ AÇIQLAMA
“Azərişıq” ASC son günlər bəzi kütləvi informasiya vasitəslərində və sosial şəbəkələrdə “Azərişıq” ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Saleh Abdullayevin şəhərin “Yeni Köçkün” qəsəbəsindəki generatoru ələ keçirməsi barədə məsələyə aydınlıq gətirib.
ASC-nin Mətbuat Xidmətinin yaydığı məlumata görə, yayılan məlumatlar həqiqətə uyğun deyil.
Məlumatda qeyd edilib ki, Mingəçevir şəhəri ərazisində 594 məcburi köçkün ailəsi üçün inşa edilmiş çoxmərtəbəli yeni yaşayış məhəlləsinin elektrik təchizatı şəbəkəsinin tikintisi başa çatdığından, məhəllədəki üç ədəd dizel generatoru rəsmi olaraq Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun balansından “Azərişıq” ASC-nin balansına verilib.
Əraziyə 110/35/6 kv-luq “Mingəçevir” yarımstansiyasından 2 dövrəli hava kabel xətti çəkildiyindən, habelə elektrik enerjisinin verilişində heç bir problem olmadığı üçün generatordan istifadəyə ehtiyac yaranmayıb və bu səbəbdən generatordan biri ərazidən götürülüb.
“Azərişıq” ASC fəaliyyətində şəffaflığı prioritet seçərək hər zaman ictimaiyyətə açıq olduğundan, KİV-lərdən həqiqətə uyğun olmayan və “Azərişıq” ASC-nin işgüzar nüfuzuna kölgə salan bu kimi xəbərləri tirajlamazdan əvvəl ASC-nin mətbuat xidmətinə müaricət edərək müvafiq dəqiqləşmələr aparılması xahiş olunur.