Maaş ədalətsizliyi - müdirlər orta illik maaşı "3 gündə" qazanır
İngiltərədə ən böyük müdirlər ölkədəki orta illik maaşı "3 gündə" qazanır
İngiltərənin qabaqcıl 100 şirkətinin rəhbərlərinin 3 günlük maaşının, ölkədəki illik orta maaş olan 29 min 559 sterlinqə bərabər olduğu ortaya çıxıb. Yəni, bir işçinin orta illik maaşını bir müdir cəmi 3 gündə qazanır.
"ENA" xəbər verir ki, "Chartered Institute of Personnel and Development" adlı insan resursları şirkəti tərəfindən aparılmış araşdırmaya görə, London Birjasında ticarət olunan ən yüksək bazar dəyərinə malik 100 şirkətin (FTSE 100) rəhbərləri saatda 900 sterlinqdən çox qazanır. İngiltərədə muzdlu işçinin saatlıq maaşı isə 14,37 sterlinqdir.
Araşdırmaya görə, FTSE 100 şirkətlərinin müdirlərinin hər biri illik ortalama 3.46 milyon sterlinq qazanıb. Bu, ölkədəki maaşdan təxminən 117 dəfə çoxdur.
İngiltərədə 250-dən çox işçisi olan şirkətlər bu ildən etibarən yüksək vəzifəli rəhbərlərə nə üçün yüksək maaş ödənilməsinin səbəblərini cəmiyyətə açıqlamaq məcburiyyətindədirlər.
Araşdırmaya görə, İngiltərə maaş ədalətsizliyinin ən yüksək olduğu Avropa ölkələrindən biridir.