"Bank Avrasiya"nı iki yerə bölən iki şirkət kimlərindir?
Bugün xəbər verildiyi kimi, “PAŞA Holdinq”ə məxsus olan PMD Group “Bank Avrasiya”dakı payını tamamilə sataraq səhmdarlar siyahısından çəkildi. PMD şirkəti kapitaldakı 37.5 % iştirak payının 12.00 %-ni “Top Properties” MMC-yə, 24.50 % hissəsini isə Bankın digər səhmdarı “Azbizneskom” MMC-yə satdı.
İndiyədək bankda ən böyük pay sahibi olan “YevroStandart” MMC də səhmdarlıqdan tamamilə geri çəkilib və bütün payını 37,50 %-i “Top Properties” MMC-ə satıb.
Qeyd edək ki, ASC "Xalq" Bankının nizamnamə kapitalının 33.85% -i, "Bank Avrasiya" ASC-nin nizamnamə kapitalının 37,50%-i və "Xalq Sığorta" ASC-nin nizamnamə kapitalının 33,8 faizi "Yevro Standart" şirkətinə məxsus idi.
Nəticədə Bankda 2 şirkətin payı bərabərləşdi: “Top Properties” MMC və “Azbizneskom” MMC hər biri 49.50% paya malik oldu.
“Top Properties” MMC 2020-ci ildə yardılmış bir şirkətdir və mətbuatda bu şirkətin PAŞA Holdinq-ə yaxınlığı barədə məlumatlar var. Son maliyyə ilinin məlumatına görə, şirkətin nizamnamə kapitalı 147 milyon 644 min 352.50 manatdır. Şirkətin qanuni təmsilçisi isə Vasif Əfi oğlu Məcnunovdur.
“Azbizneskom” MMC isə 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin 103 milyon 225 min 400.00 manat həcmində nizamnamə kapitalı var. MMC-nin qanuni təmsilçisi Emin Bahadır oğlu Bağırovdur.