Sığorta

"Ticarət obyektlərinin hər biri sığortalanmalıdır"

"Ticarət obyektlərinin hər biri sığortalanmalıdır".

"ENA" xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə giriş nitqində söyləyib. 

"Ancaq əlbəttə ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənə bilmərik. Hazırda kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır, şəffaflıqla, subsidiyalarla bağlı yeni mexanizmlər tətbiq edilir. Əvvəlki dövrlərdə həm mərkəzi, həm də yerli icra orqanları tərəfindən subsidiyalarla bağlı böyük pozuntular var idi. Buna son qoyulur və son qoyulmalıdır. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır, o cümlədən ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı. Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, bu il zəlzələ olmuşdur: "Üstündən cəmi 10 ay keçib, bütün əsas tikinti işləri artıq başa çatıb. Minlərlə ev tikildi, təmir və bərpa edildi. Bəziləri deyir ki, indi vətəndaşlar gərək bu evləri özləri bərpa etsinlər, gərək sığortalasınlar. Əlbəttə, gərək sığortalasınlar. Mən də söz düşmüşkən bunu deməliyəm, o cümlədən ticarət obyektləri, onların hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin. Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil. Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir? Axı, bu, ədalətsizdir. Dövlət kimə kömək etməlidir, ehtiyacı olana. Pulu olan adam özü kasıba kömək etməlidir.

Mən bunu sahibkarlara dəfələrlə demişəm, onların sosial məsuliyyəti olmalıdır. Pul qazanırlar, dövlət şərait yaradıb, harada belə şərait var? Ölkələr var ki, od içindədir. Bizim bölgəmizdə, Yaxın Şərqdə, Avropada, Asiyada, Latın Amerikasında müharibələr, münaqişələr, qanlı toqquşmalar, kütləvi etirazlar, polis zorakılığı, dağıntılar baş verir. Bizdə sabitlikdir, kim yaradıb bunu, biz, kim faydalanır, bütün vətəndaşlar, o cümlədən sahibkarlar. Rahat yaşayırlar, heç kim onlara dəymir, əksinə, Prezident həmişə onları dəstəkləyir.

Getsinlər camaata, kasıba əl tutsunlar. Biz o insana kömək edirik ki, onun ehtiyacı var. Şamaxıda, Ağsuda, İsmayıllıda zəlzələ baş verdi. Biz necə biganə qala bilərdik, vətəndaşlar qışda donsunlar? Ona görə biz dərhal vəsait ayırdıq, bütün qurumları səfərbər etdik və 10 ay ərzində qış gələnə qədər onların evləri tikildi və təmir edildi. Bax, bu, bizim məsuliyyətimizdir, o insanlar ki, doğrudan da ehtiyac içindədirlər, o evləri özləri bərpa edə bilməzlər. İndi o evləri sığortalamaq üçün maarifləndirmə işləri aparılmalıdır. Ancaq hansısa biznesmenə, böyük mülklərə sahib olan varlı bir adama dövlət niyə kömək etməlidir? Qətiyyən elə şey ola bilməz və hər kəs nəticə çıxarsın".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)