Sənaye

Qızılın "qızıl dövrü": Azərbaycan nə qədər alır, nə qədər satır?

Bu il dünya bazarlarında qızılın unsiyası 200 dollara yaxın artaraq 1471 dollar/unsiya təşkil etdi. Mütəxəssislərin fikrincə, bu da son hədd deyil və bahalaşma davam edəcək. Səbəb qlobal böhran risklərinin artması, bir çox ölkələrin mərkəzi banklarının qızıla yatırımlarının artmasıdır. Bu ölkələrdən biri də Azərbaycandır, belə ki, Azərbaycan Dövlət Neft Fondu da aktivlərində qızılın payı artmaqda davam edir.  

ENA.az xəbər verir ki, 30 sentyabr 2019-cu il tarixinə ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 100,66 tona (3 236 233,233 troya unsiyası) çatdırılıb. 

Qlobal maliyyə şirkəti "Merrill Lynch International"da qızılın qiymətinin 2 min dollaradək artacağını gözləyir. Bunun fonunda bu qiymətli metala yatırımlar da artır.

Dünya Qızıl Şurasının məlumatına görə, 2019-cu ilin birinci yarısında mərkəzi banklar tərəfindən xalis qızıl satınalmaları 247,3 ton təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 73% çoxdur.

 

Qeyd edək ki, neft kimi qızılın qiyməti də geosiyasi amillərdən çox asılıdır. 2019-cu ildə ABŞ və Çin arasında gedən "ticarət müharibəsi" haqqında xəbərlər fonunda neft ilə yanaşı, qızıl da dalğalandı. Noyabrın sonunda qismən razılıq eəldə edilməsi ilə qızılın qiyməti düşməyə başladı, lakin "barışığın" qısamüddətli olduğu ehtimal edilir. 

2010-cu ildən bəri qızıl ixracatçıları üçün ən yüksək göstərici sentyabrın 4-dəbaş verib: 1560.4 dollar/unsiya. Statistikaya görə, sarı qiymətli metala investisiyaların indiki səviyyəsi 2012-ci ildə müşahidə edilib.

 

Qızıl ehtiyatlarını davamlı şəkildə artıran 10 ölkə alışda daha çox fərqlənir. Hazırda dünyada ən böyük qızıl alıcısı Rusiyadır. Mərkəzi banklar arasında Rusiya 75 tondan çox alış edib. Çin 60 tondan çox, Türkiyə 50 ton, Qazaxıstan və Özbəkistan ikisi birlikdə 20 ton qızıl alıblar. Hindistan, Ekvador, Qətər, Kolumbiya və Qırğızıstan da qızıl alışında aktivdirlər. 

Birjalar və fondlar tərəfindən qızıla sərmayələrinin həcmi artır. Onların sərəncamında olan qızılın həcminin 2733 tona çatdığı bildirilir. Yəni, qızıl hələ də dünya iqtisadiyyatları əsas qoruma aktividir. Bir sıra ölkələrdə gerçəkləşdirilən dollarsızlaşdırma siyasəti də sarı əlvan metala qoyulan investisiyanın artmasının əsas səbəblərindən biridir. Belə ki, Rusiya və Türkiyə də daxil olmaqla bəzi ölkələr dollardan asılılığı azaltmaq üçün dollar ehtiyatlarını qızıla çevirməyə başlayıblar. Dünya iqtisadiyyatı ilə bağlı mənfi proqnozlar "qızıllaşma" tendensiyasının davam edəcəyini göstərir. Dünyadakı qeyri-sabitlik investorları “köhnə yığım vasitəsi”nə yönəlməyə sövq edir. 

Bu ilin 30 sentyabr tarixinə olan vəziyyətə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinə daxil olan qızılın həcmi 100,66 ton (təxminən 3,2 milyon Troya unsiyası) təşkil edib. Fondun investisiya portfelindəki qızılın payı 11,4% təşkil edib ki, yanvarın 1-də bu göstərici cəmi 5,4% olmuşdu.

Fond 2012-ci ilin fevral ayından etibarən qızıla sərmayə qoymağa başlayıb, iki il ərzində hər həftə 25 qızıl külçə (10 min troy unsiyası) toplam 30,18 ton satın alıb. 2018-ci ilin ikinci rübündən etibarən ARDNF qızıl almağı bərpa edib. Xatırladaq ki, onun Azərbaycana çatdırılması Britaniyanın «Brinks Global Service» şirkəti tərəfindən gerçəkləşdirilir.

Məhz bu "qoruyucu aktiv"i satın almaq idxalın həcminin xeyli artmasına səbəb oldu. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 10 ayında Azərbaycan idxalının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% artıq olub, bunun 85%-i Neft Fondu tərəfindən gətirilən qızılla bağlıdır.

Belə ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dəyəri 2,1 milyard dollar olan 50 tona yaxın emal edilmiş qızıl idxal olunub, ötən ilin uyğun dövründə bu göstərici 11,5 ton (459,7 milyon dollar) olub. Beləliklə, 2019-cu ilin 9 ayı ərzində Azərbaycana qızıl idxalı kəmiyyət baxımından 4,3 dəfə, dəyər baxımından isə 4,6 dəfə artıb.

Ölkəyə qızıl əsasən İsveçrə, Kanada, ABŞ, Avstraliya və Braziliyadan gətirilir.

Bundan əlavə, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan sikkə istehsalı üçün 15,8 milyon dollar dəyərində 400,15 kq qızıl idxal edib. İdxalın bütün həcmi İsveçrənin payına düşüb.

Ancaq qeyd etmək lazımdır ki, ARDNF-in "qızıl fondu" Azərbaycanda qiymətli metal ehtiyatlarının saxlanılması üçün yeganə platforma deyil. Bildiyiniz kimi, ölkənin Mərkəzi Bankının da xəzinəsi var ki, orada da çox sayda qızıl külçə saxlanılır.

Bu il üçün bu xətt ilə rezervlər bankına daxilolmaların həcmi barədə dəqiq məlumat yoxdur, lakin məlumdur ki, Mərkəzi Banka Azərbaycanda hasil olunan qızılların saxlanması etibar edilir.

Xatırladaq ki, ölkədə qızıl hasilatı hazırda iki şirkət tərəfindən həyata keçirilir. Azərbaycan hökuməti altı yatağın işlənilməsi üzrə “Anglo Asian Mining PLC” şirkəti ilə müqavilə bağlayıb: yataqlardan biri Naxçıvanda, ikisi Gədəbəy bölgəsində, üçü isə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Kəlbəcər və Zəngilan rayonlarında yerləşir. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49% təşkil edir.

Bundan əlavə, qızıl hasilatı ilə məşğul olan “AzerGold” QSC tərəfindən “Qaradağ”, “Çovdar”, “Göydağ”, “Dağkəsəmən”, “Kohnəmədən” və “Kürəkçay” hövzələrinin qızıl və dəmir filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə edilməsi ilə məşğuldur.

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda qızıl hasilatı 3,1 min kq təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (4,2 min kq) 7,3% çoxdur.

Çıxarılan qızıl İsveçrədə emal və affinaj (aşqarlardan təmizlənmə) edilir və sonra Maliyyə Nazirliyinin vasitəsilə dövlət xəzinəsinə qaytarılır və saxlanılmaq üçün Mərkəzi Banka göndərilir.

Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycan hökumətinin Mərkəzi Bank tərəfindən saxlanılan qızıl ehtiyatlarının ümumi həcmi 73,7 min Troya unsiyasına, yəni 2,3 tona çatıb. Qızıl ehtiyatlarının bazar dəyəri isə 91,7 milyon dollar təşkil edib.

Azərbaycan eyni zamanda qızıl ixrac edir. Təsadüfi deyil ki, “AzerGold” qeyri-neft sektorunda ixrac əməliyyatları həyata keçirən dövlət şirkətlərinin siyahısında birinci yeri tutur. Qurum xaricə 2017-ci ilin aprel ayından bu ilin 1 noyabr tarixinə qədər 154,5 min unsiya qızıl, 252,8 min unsiya gümüş satıb. İxrac əməliyyatlarının həcmi 350 milyon manatdan çox olub.

Əgər qiymətlər artmaqda davam edərsə, Azərbaycanın qızıl ixracından qazancının önəmli dərəcədə artacağı və dövlət büdcəsi gəlirlərinin tutarlı bir qaynağına çevriləcəyi gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)