MALİYYƏ

Daxili risk faktoru genişlənən büdcə xərcləri nəticəsində pul kütləsinin artmasıdır - Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı 2019-cu ilin son faiz qərarını ictimaiyyətə açıqladı. Qərara əsasən, Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından bəri inflyasiyanın risklər balansında əhəmiyyətli dəyişiklik baş verməmişdir. Profisitli tədiyə balansı, dayanıqlı məzənnə, adekvat monetar şərait və aşağı inflyasiya gözləntiləri qiymətlərə sabitləşdirici təsir göstərir.

ENA.az xəbər verir ki, qərara görə, ortamüddətli dövrə risklər əsasən xarici sektorla – qlobal iqtisadi artımın səngiməsi, bunun enerji daşıyıcıları qiymətlərinə mümkün təsirləri və dünya ərzaq bazarında bahalaşmanın davam etməsi ilə bağlıdır. Beynəlxalq Valyuta Fondunun son qiymətləndirmələrinə görə qlobal iqtisadi artım tempi qlobal maliyyə böhranından keçən dövrdən ən aşağı səviyyəyə enmişdir. Fond növbəti il və ortamüddətli dövrə qlobal iqtisadi aktivliyin artım tempini azalma istiqamətində təshih etmişdir. Daxili risk faktorlarına isə genişlənən büdcə xərcləri nəticəsində pul kütləsinin artması və istehlak kreditlərinin inflyasyon genişlənməsi aiddir. Ortamüddətli dövrdə də pul siyasəti ilə sıx koordinasiya edilmiş qayda əsaslı fiskal siyasət qiymət sabitliyinin dayanıqlığının əsas şərtlərindən biri olaraq qalacaqdır.

Mərkəzi Bank faiz dəhlizi parametrlərinə dair növbəti qərarlarını faktiki və hədəflənən inflyasiyanın uzlaşma dərəcəsindən, dəyişən makroiqtisadi şəraitdən və risklərin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcəkdir.

Bu qərar 13 dekabr 2019-cu ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2020-ci il yanvar ayının 31-də ictimaiyyətə açıqlanacaqdır.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)