"Çıxarılan neftin 58,5 faizi Azərbaycanın payına düşüb"
1994-cü il sentyabrın 20-də imzalanmış məşhur “Əsrin müqaviləsi”indən sonra xarici şirkətlərlə daha 35 saziş bağlandı.
“ENA” xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti. akademik Xoşbəxt Yusifzadə bildirib.
O, "Müqavilənin iqtisadi əhəmiyyəti isə odur ki, neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən-- 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdırıldı”, deyərək sözlərinə belə davam edib:
“Hazırda respublikada hasil edilən neftin və qazın əsas hissəsi “AzəriÇıraq-Günəşli” və “Şahdəniz” yataqları hesabına əldə edilir. Bu yataqların dərinsulu hissəsində 124 hasilat quyusundan gündə 70 min ton neft və 36 milyon kubmetr qaz hasil olunur. İşlənmənin əvvəlindən “Azəri-Çıraq-Günəşli” yataqlarından 498 milyon ton neft və 164 milyard kubmetr qaz hasil edilmişdir. Artıq 20-ci ildir ki, “AzəriÇıraq-Günəşli” yataqları layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. 1999- cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından “mənfəət nefti” xarici bazarlara çıxarılır. 2019-cu il dekabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 291 milyon ton “mənfəət nefti” satılıb ki, bu da çıxarılan neftin 58,5 faizindən çoxdur”.