Peşəkar mağara
Uzun müddət bir şirkətdə işləyən insanı təsəvvür edin: eyni şirkətdə peşəkar gözünü açıb, 15 il eyni yerdə işləyib, eyni insanlarla daim dəyişməyən tərzdə ünsiyyətdə olur. İllərlə eyni peşəkar çevrə, eyni qohumlar və tanışlar, eyni dostlar. Bütün illər boyunca eyni mütəxəssislərin eyni düşüncələrini eşidib.
Bu kimi vəziyyətə mən “peşəkar mağara” deyirəm. Mağarada hər kəs tanışdır, içəri istidir, artıq heç bir təhlükə yoxdur, mağaranın hər yerinə insan bələddir. O mağarada onu hər kəs tanıyır və müəyyən mənada və miqyasda həm də güclü qəbul edir.
Mağarada olanda böyük rahatlıq olur. Ən əsası isə, insan bir müddət sonra mağaradan çıxmaqdan qorxur. Mağaradan çıxmaq isə insanı qorxudur – kənarda vəziyyət fərqlidir, o oraları tanımır, hava və şərait fərqlidir, daha da güclülər ola bilər və onlara özünü sübut etmək yorucudur.
Peşəkar mağarada ən vacib göstəricilərindən biri insanın özünü bir peşə insanı deyil, şirkət adamı kimi görməsidir. Yəni özünü şirkətin damı altında və mağarası içində daha güvənli və əmin hiss edir. Olmağın digər göstəricisi – insan özünü təqdim edərkən mütləq şirkət və vəzifəsinin adını çəkir, bəzi hallarda isə “bilirsiniz də, ora kimindir? Filankəs müəllimin. O Aparatda işləyən filankəs müəllimin yeznəsi var, bax onun”.
Bu, onu göstərir ki, insan özünə o qədər güvənmir ki, aid olduğu qrupun adını çəkir.
İş həyatının iki mühüm və unutmamağımız gərəkən xüsusiyyətləri var:
- dinamikdir, daim dəyişir və yerində durmur;
- iş dünyası acımasızdır.
Bu insanın işlədiyi şirkət artıq yeni inkişaf mərhələsinə keçir – fərqli tərz idarəetmə sistemi qurulur, strategiya dəyişir və bu strategiyanı tətbiq edəcək yeni rəhbər gəlir, şirkət artıq hər kəsin inkişaf etməsi və yeniliklərə açıqlığı gözlənilir. Ən vacibi isə, hər kəsdən müasir tələbələrə cavab verən bilik və savad gözlənilir.
Şəxsən onlarla insanlar tanıyıram ki, oncəki dövlərdəki uğurlarına və fəaliyyətlərinə bağlı qalaraq rahatlayıblar. Biznes dinamik və daim irəli gedən bir fəaliyyət olduğu üçün isə insan da, şirkət də rahatladığı andan etibarən geriləməyə başlayır.
NƏ ETMƏLİ?
- Başqalarına – insanlara və şirkətlərə, qruplaşma və cəmiyyətlərə etibar etməyin - ÖZÜNÜZ
GÜC OLUN;
- Peşəkar olaraq daim özünüzü mağaranızdan çıxarın - oxuyun, inkişaf edin, yeni insanlarla tanış olun;
- İnsan bir peşəkar olaraq ANCAQ özünə güvənməli və ANCAQ özü GÜC OLMALIDIR;
- Şirkət, vəzifə, status vacibdir – amma onlar hamısı GÜCLÜ insanın AKSESUARLARIDIR. Aksesuarlardan qaçın – güclü insana doğru zaman gəldikdə aksesuar təklif ediləcək.
Bu mövzularda daha geniş yazım bu linkdədir: https://oxu.az/society/341700
Demək istədiyim qısaca budur – bu gün bizlər Azərbaycanda baş verən köklü dəyişikliklərin şahidi oluruq. Və çox təbiidir ki, iqtisadi dəyişikliklər biznesə təsir etməklə avtomatik olaraq əmək bazarına təsir edəcək.
Bu günə qədər olanları unutmaq lazımdır – yeni reallıqlarda tamamilə fərqli bacarıq və xüsusiyyətlərə tələb var və bu günün tələblərinə cavab verməyənlər işsiz qalacaqlar.
Azərbaycanda sahibkarlarımız artıq biznesdə və idarəçilikdə işin elmi tərəflərinə əhəmiyyət verməyə başlayıblar və bu mövzularda səbirli olmağa belə zamanları yoxdur. Bütün bunlara əlavə olaraq gəlirlər azalır – amma xərclər artır, və nəticədə sahibkarlarımızın mənfəəti azalır.
Bütün bunlarla bərabər, rəqabət də güclənir. Sahibkar nə edəcək? Gəlirləri artıran, xərcləri azaldan, müştərilərin qayğısına qalan, uzunmüddətli sistem qura bilən insanları cəlb edəcək, digərləri ilə sadəcə yollarını ayıracaq.
Peşəkar mağaradan çıxmaq zamanı gəldi!