Siyasi partiyaların və ictimai birliklərin büdcəsi artır: Nazirdən açıqlama
“Milli Məclisdə müzakirələr zamanı səsləndirilən bəzi təkliflərin qəbul edilməsi ilə bağlı ölkə prezidentinə müraciət edilib və dövlət başçısı bir sıra məsələlərin mövcud büdcə layihəsində nəzərə alınmasını mümkün hesab edib”.
“Report”un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin 1 milyon manat artırılaraq 4 milyon manata, ictimai birliklər üçün nəzərdə tutulmuş vəsaitin isə 900 min manat artırılaraq 5,5 milyon manata çatdırılması təklif olunub.
“Bununla yanaşı, ölkə prezidentinin sərəncamının icrasına uyğun olaraq, Şəmkir rayonunun tarixi ərazisində Qədim Şəmkir şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağsu rayonu ərazisinlə Qədim Ağsu şəhər Dövlət Tarix-Mədənyiyət Qoruğu yaradılması ilə bağlı xərclər üçün də 600 min manat vəsaitin ayrılmasının büdcə layihəsində nəzərə alınması təklif edilib”, - nazir qeyd edib.