Yeni nəsil kassa aparatlarının tətbiqi mütləqdir
Vergi orqanları elektron xidmətlərin, informasiya texnologiyalarının tətbiqinə və rəqəmsal inzibatçılığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Müasir texnologiyaların tətbiqi sahibkarlıq subyektlərində şəffaf nəzarət sisteminin qurulmasına imkan verir.
Yeni kassaların üstünlükləri
Yeni nəsil kassa aparatlarının köhnə aparatlarla müqayisədə bir çox üstünlükləri var. Əsas üstünlüklər onun çoxfunksiyaslı olması ilə əlaqədardır. Kassaların tətbiqi vergitutma sahəsində şəffaf sistemin qurulmasına, kassa əməliyyatlarının uçotunun düzgün aparılmasına, bununla bağlı məlumatların asan əldə olunmasına və bu sahədə nəzarətin təkmilləşdirilməsinə xidmət edir. Əməliyyat sisteminə malik olan bu müasir avadanlıq hesablaşmalar haqqında məlumatı Vergilər Nazirliyinə real vaxt rejimində çatdırmaq imkanına malikdir. Sistem sahibkarlar üçün də rahat və əlverişli nəzarət mexanizminin qurulmasına şərait yaradır. İş adamları uçot və əməliyyat sisteminə nəzarətin təkmilləşdirilməsinə, daxili audit sisteminin sadələşdirilməsinə nail olur.
Hamı üçün sərfəli kassalar
Yeni kassaların istehlakçılar üçün də üstünlükləri var. Hazırda yeni nəsil kassaların istifadə edildiyi obyektlərdə alıcılara yeni tələblərə uyğun çeklər təqdim edilir. Bu çeklərin üzərində QR-kod yerləşdirilib. QR-kod çekin Vergilər Nazirliyinin informasiya bazasında olub-olmamasını məsafədən yoxlamağa imkan verir. Çeki əldə edən şəxs xüsusi mobil əlavədən (QR-kod reader) istifadə etməklə və ya e-kassa.gov.az saytındakı "Çekin yoxlanılması" bölməsinə çek məlumatlarını daxil etməklə bunu edə bilər. Məlum olduğu kimi, pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən ƏDV məbləğinin bir hissəsinin qaytarılması ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaq. Bu baxımdan, alış-veriş zamanı alıcılara həqiqi çeklərin təqdim edilməsi çox vacibdir. Hazırda yeni nəsil kassaların tətbiqinə başlanılması ilə əlaqədar olaraq alıcılara üzərində QR-kod olan çeklər təqdim edilsə də, alıcılara ödədikləri ƏDV məbləğinin bir hissəsinin qaytarılması müvafiq hüquqi sənədlərin qəbulu və təşkilati işlərin başa çatmasından sonra başlanacaq. ƏDV məbləğinin bir hissəsinin qaytarılması prosesi başlanarkən ictimaiyyət bu barədə geniş məlumatlandırılacaq və vətəndaşlara verginin bir hissəsinin qaytarılma mexanizmi izah olunacaq.
Yeni nəsil kassa aparatlarının quraşdırılması davam edir
Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq yeni nəsil kassa aparatlarının quraşdırılması davam etdirilir. Noyabrın 15-dək olan məlumata görə, Bakı, Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin 93,77 faizində, ümumilikdə respublika ərazisində yanacaq doldurma məntəqələrinin 45,73 faizində yeni nəsil kassa aparatları quraşdırılıb və inteqrasiya edilib. Şəbəkə tipli supermarketlər üzrə bu göstərici Bakı, Gəncə və Sumqayıt şəhərləri üzrə 58,23 faiz, ümumilikdə respublika ərazisi üzrə 34,19 faiz təşkil edir. Həmin şəhərlərdə fəaliyyət göstərən şadlıq evlərinin 28,36 faizində, (respublika üzrə 12,12 faiz), "Mall" tipli ticarət mərkəzlərinin isə 33,43 faizində yeni nəsil kassa aparatları quraşdırılıb. Avtosalonlarda yeni nəsil kassaların quraşdırılması üzrə isə işlər davam etdirilir. Yeni nəsil kassaların fəaliyyəti üçün əsas şərtlər onların internet bağlantısının olmasıdır. Bir sıra hallarda obyektlərdə internet bağlantısının olmaması yeni nəsil kassalarının tətbiqini ləngidir.
"www.e-kassa.gov.az"
Yeni nəsil kassaların təchizatını, satışını, uçotunu, texniki xidmətlərin göstərilməsini operatorlar həyata keçirir. Operatorlarının siyahısı e-kassa.gov.az saytında yerləşdirilib. Kassa aparatlarının əldə olunması üçün həmin operatorlara müraciət etmək kifayətdir. Operator vergi orqanında kassanın qeydiyyatını keçirərək nəzarət mexanizmi qurğusu ilə təchiz olunmuş kassa aparatını sahibkarlara təqdim edəcək. Nəzarət mexanizmi qurğusu vergi orqanlarının elektron informasiya bazasına məlumatların ötürülməsini təmin edən qurğudur. İstismar zamanı kassada problem yarandıqda, istifadəçi dərhal vergi orqanlarına və operatora məlumat verməlidir. Kassa işlək vəziyyətdə olmadıqda, e-kassa operatoru bu barədə məlumat aldığı andan etibarən təmir işlərinin görülməsini təmin etməlidir. Nəzarət mexanizmi qurğusu yararsız hala düşdükdə e-kassa operatoruna təqdim edilməli və e-kassa operatoru yoxlanılması üçün onu Vergilər Nazirliyinə göndərməlidir. Bu zaman, nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər-hansı əməliyyatların aparılıb-aparılmadığı Vergilər Nazirliyi tərəfindən yoxlanılır.