BİZNES

Azərbaycan ən böyük büdcə kəsiri gələn il necə bağlanacaq: Palatadan rəy

“Növbəti il üçün nəzərdə tutulmuş büdcə kəsirinin məbləği son illər üzrə ən böyük göstəricidir”.

Hesablama Palatasının 2020-ci il dövlət büdcəsi haqqında Qanun layihəsinə rəyində bildirilir ki, Qanun layihəsində dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 779,2 milyon manat məbləğində müəyyən edilmişdir ki, bu 2018-ci ilin dövlət büdcəsinin faktiki kəsirindən 2 milyard 556,5 milyon manat və ya 12,5 dəfə çox, 2019-cu il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən isə 757,2 milyon manat və ya 37,4% çoxdur.

 

Dövlət büdcəsinin proqnozlaşdırılmış kəsiri növbəti il üçün nəzərdə tutulmuş ÜDM-nə nisbətdə 3,0%-lik səviyyədən çoxdur. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2018-ci ildə 1,4% proqnozlaşdırılmış, ilin sonuna 0,3% təşkil etmişdir. Bu göstəricinin 2019-cu ilin sonuna 2,6% olacağı gözlənilir. Növbəti il il üçün bu nisbət cari ilin gözlənilən göstəricindən 0,7 faiz bəndi çox olmaqla 3,3% təşkil edəcəyi nəzərdə tutulmuşdur.

 

Növbəti ildə büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri dəyişdirilməmiş, büdcə kəsirinin əsasən vahid xəzinə hesabının qalığı vasitəsiə bağlanılması nəzərdə tutulmuşdur:

 

“Qanun layihəsində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbəyi olaraq, 2019-cu ildə olduğu kimi, özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2020-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) göstərilmişdir. Növbəti ilin büdcə kəsirinin bağlanılmasına dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 62 milyon manat, daxili borclanmadan (ölkə daxilində qiymətli kağızların (dövlət istiqrazlarının) yerləşdirilməsindən) 100 milyon manat, 2020-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 1 milyard 666,2 milyon manat, xaricdən cəlb edilmiş kreditlər üzrə 951 milyon manat vəsait yönəldiləcəkdir. Beləlikə də, proqnozlaşdırılmış büdcə kəsirinin təqribən 60%-nin vahid xəzinə hesabının qalığı vasitəsilə maliyyələşdiriləcəyini qeyd etmək olar”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)