Bank

"Beynəlxalq Bank yeni strateji inkişaf planının tətbiqinə başlayıb" - MÜSAHİBƏ

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimovla müsahibə

-Abbas müəllim, Azərbaycan Beynəlxalq Bankı 2019-cu ilin 9 ayını hansı göstəricilərlə başa vurdu?

-2019-cu ilin 9 aylıq nəticələrinə əsasən, Azərbaycan Beynəlxalq Bankının aktivləri 9,3 milyard manat, cəmi kapitalı 1,5 milyard manat, əməliyyat mənfəəti isə 250 milyon manat ətrafında olub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə, bankda müştəri hesablarının qalığı 800 milyon manat artaraq, 5,4 milyard manata çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın kredit portfelində də 551 milyon manat artım qeydə alınıb. Bunun 376 milyon manatı iri korporativ müştərilərə, həmçinin kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlərlə bağlı artımdır.

 

-Azərbaycan Beynəlxalq Bankının yeni strateji inkişaf planı artıq hazırdırmı? Onun nə vaxtdan reallaşdırılması nəzərdə tutulur?

-Azərbaycan Beynəlxalq Bankının yeni strateji inkişaf planı artıq bankın müvafiq idarəetmə orqanları tərəfindən təsdiqlənib və bir aya yaxındır ki, onun tətbiqinə başlanıb. Strategiya bank menecmentinin və nüfuzlu beynəlxalq konsaltinq şirkətinin iştirakı ilə  hazırlanıb, 2022-ci ilə qədər olan müddəti əhatə edir.  Yeni strategiyanın əsas məqsədləri dayanıqlı artım, sağlam maliyyə vəziyyəti, yüksək əməliyyat səmərəliliyi və ən yaxşı təcrübəyə uyğun korporativ idarəetmə sisteminin qurulmasıdır.

Buna nail olmaq üçün Azərbaycan Beynəlxalq Bankı korporativ və pərakəndə seqmentdə əsas məhsullar üzrə ilk iki bankdan biri olmağı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində rəqabətədavamlı bazar payına sahib olmağı, sektorda ən yaxşı rəqəmsal təcrübə ilə ən yüksək müştəri məmnunluğu və NPS (Net Promoter Score) göstəricisinə malik bank olmağı, ölkəmizdə nağdsız ödənişlərin genişləndirilməsi və rəqəmsal bankçılığın inkişafına töfhə verməyi, həmçinin maliyyə sektorunda ən yaxşı işəgötürən kimi tanınmağı əsas strateji hədəfləri kimi təyin edib.

 

-Beynəlxalq Valyuta Fondu bu ilin sentyabrında açıqladığı hesabatında bankın güclü biznes modelinin olmadığını göstərib və özəlləşdirilməsinin sürətləndirilməsini vacib sayıb. Bankın özəlləşdirilməsi məsələsi hazırda nə yerdədir? Bununla əlaqədar nə işlər görülür?

-Təsdiq edilmiş yeni strateji inkişaf planı çərçivəsində Bankın makroiqtisadi duruma, ölkənin sosial-iqtisadi inkişafına uyğun əsaslı və dayanıqlı biznes modeli hazırlanıb. Özəlləşdirmə məsələsinə gəlincə isə bu, səhmdarların qərarlarından asılı məsələdir. İndiki mərhələdə bank menecmenti olaraq bizim əsas missiyamız yeni inkişaf strategiyası üzrə qarşımıza qoyulmuş tapşırıqlara uyğun olaraq bankın maliyyə dayanıqlığının, mənfəətliyinin, institusional inkişafının, rəqabətqabiliyyətli biznes modelinin təmin olunması üçün tədbirlər həyata keçirmək və bankın bazar dəyərinin artırılmasına nail olmaqdır.

 

-Yeri gəlmişkən, son dövrlər Azərbaycan Beynəlxalq Bankı bazara yeni xidmət və məhsullar təqdim edir, sosial layihələr həyata keçirir. Bunun davamı olacaqmı?

-Bəli, son aylarda biz VISA beynəlxalq ödəniş sistemi ilə birlikdə Azərbaycanda ilk dəfə NFC texnologiyası ilə ödənişlərin tətbiqinə başladıq. Yenə də ölkəmizdəki biznes qurumları arasında ilk dəfə olaraq əmək bazarı üçün informasiya texnologiyaları sahəsində peşəkar mütəxəssislər hazırlayan IBA Tech Akademiyasının açılışını etdik. Yüzdən çox tələbə artıq bu Akademiyada ödənişsiz qaydada proqramçı  ixtisasına yiyələnir. Bundan başqa, çoxfunksiyalı – dual kart məhsulumuz olan Tamkartı bazara təqdim etdik. Bütün bunlar müştərilərimiz və ümumilikdə cəmiyyətimiz tərəfindən müsbət qarşılanır. Bu addımlar Bankın yeni inkişaf strategiyasında qarşımıza qoyduğumuz hədəflərə yönəlib və təbii ki, davamı olacaq. Bununla bağlı hələlik onu deyə bilərəm ki, ilin sonunadək ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində maraqlı bir layihəmizi, eyni zamanda tərəfdaşımızla birgə hazırladığımız yeni kart məhsulunu ictimaiyyətə təqdim edəcəyik.       

 

-Azərbaycan Beynəlxalq Bankı investisiya şirkəti yaradır. Bu şirkətin fəaliyyəti, əsasən, nədən ibarət olacaq?

-Belə bir investisiya şirkətinin yaradılması yeni strategiyamızda nəzərdə tutulub. Bu, Azərbaycan Beynəlxalq Bankı üçün əlavə dəyər yarada biləcək yeni və innovativ biznes ideyalarının reallaşdırılması niyyətindən irəli gəlir.

Strategiyaya uyğun olaraq yüksək gəlirli müştərilərə, o cümlədən korporativ müştərilərə alternativ investisiya məhsullarını təqdim etmək üçün bank tərəfindən investisiya şirkəti yaradılacaq və platforma qurulacaq. Düşünürük ki, belə bir şirkətin uğurla fəaliyyət göstərə bilməsi üçün Azərbaycan bazarında çox böyük potensial var.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının 11 oktyabr 2019-cu il tarixində keçirilmiş ümumi yığıncağında bu şirkətin yaradılmasına qərar verilib. Hazırda Bankın İdarə Heyəti tərəfindən şirkətin yaradılması və fəaliyyətə başlaması üçün müvafiq hüquqi prosedurlar həyata keçirilməkdədir.     

 

-Azərbaycan Beynəlxalq Bankı səhmdarlarına dividendlər ödəyirmi?

-Bank son illərdə aktiv və öhdəliklərinin restrukturizasiyası ilə bağlı çətin bir mərhələ keçdiyindən və mövcud resurslar maliyyə dayanıqlığının möhkəmləndirilməsinə yönəldiyindən bu dönəmdə səhmdarlara dividend ödənilməsi məsələsi gündəmdə deyildi. Amma artıq bankın maliyyə dayanıqlığı təmin olunub. Son dövrlər ölkənin biznes həyatında baş verən canlanma bankın kapital mövqeyini daha da gücləndirib. Azərbaycan Beynəlxalq Bankı artıq mənfəətlə çalışır və öz səhmdarlarına dividend ödəmək imkanındadır. Səhmdarların son iclasında 2018-cı ilin maliyyə nəticələrinə əsasən, bank səhmdarlarına dividendin ödənilməsi məsələsinə də baxıldı və hər səhm üzrə 0,0326 AZN olmaqla səhmdarlara ötən ilin mənfəətindən 150 milyon manat dividendin ödənilməsinə qərar verildi.

 

- Müsahibə üçün təşəkkür edirik.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)