Bakıda dam örtükləri təmir olunur
Bakı Şəhər İcra Hakimiyyətindən "ENA"ya verilən məlumata görə, ilk növbədə, dam örtüyü təmir ediləcək 380 binanın siyahıları, görüləcək işlərin həcmi və digər məsələlər dəqiqləşdirilib, işləri görəcək podtatçılar müəyyənləşdirilib.
Prezidentin müvafiq sərəncamının icrası ilə bağlı artıq paytaxtın əksər rayonlarında işlərə başlanılıb. Binaların köhnə dam örtükləri sökülərək sıradan çıxmış, çürümüş hissələri dəyişdirilir, damda suyun axıdılması üçün maillilik qurulur, yeni örtük qatı çəkilir. Damlarda navalçalar yenilənir, tüstü bacaları təmir olunur və təmizlənir.
Podratçı təşkilatlar tərəfindən görülən işlərin aparılmasına, onların keyfiyyətinə, icra müddətinə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən ciddi nəzarət edilir. Bununla əlaqədar təsərrüfat xidmətlərinin mütəxəssisləri gündəlik olaraq işlərin gedişatını, təmir zamanı istifadə edilən materialların keyfiyyətini yoxlayır, yol verilən texnoloji çatışmazlıqların dərhal aradan qaldırılmasını təmin edir.
Sərəncamın icrası ilə bağlı paytaxtın Nizami və Suraxanı rayonlarında da dam örtüklərinin təmiri ilə bağlı işlərə başlanılıb və işlər böyük sürətlə həyata keçirilir. Dam örtüklərində aparılan təmir işlərinin yekunu binanın sakinlərinin də daxil edildiyi Komissiya tərəfindən qəbul edilir. Podratçılara bildirilib ki, işin nəticəsi qaneedici və keyfiyyətli olmasa, həmin dam örtüyü onlar tərəfindən yenidən təmir ediləcək.
380 binanın dam örtüyü ilə bağlı işlər tam başa çatana kimi icra strukturları tərəfindən nəzarət aparılacaq, başa çatmış hər bir dam örtüyü müvafiq komissiya tərəfindən qəbul ediləcək, podratçıya ödənişlər iş qəbul edildikdən sonra həyata keçiriləcəkdir.
Xatırladaq ki, Azərbaycan Prezidentinin sərəncamı ilə paytaxt Bakı şəhərində 380 ədəd çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat vəsait ayrılıb.