Hərbi xidmət, yoxsa biznes-məktəb: İsrailin təcrübəsi
İSRAİLİN İNNOVASİYA EKOSİSTEMİNİN inkişafında ordunun rolu haqqında çoxları yazır. Start up Nation kitabındakı bütün fəsillərdə orta statistik hekayə təsvir olunur – çox ağıllı və istedadlı gənclər, texnoloji cəbhənin ən qabaqcıl mövqelərində xidmət göstəriblər və mülki həyata qayıdandan sonra əldə etdikləri bilik və bacarıqlardan istifadə etməyə başlayırlar. Onlar yeni startaplar yaradaraq və ya mövcud şirkətlərə işə düzələrək özlərini realizə edirlər.
Bəli, İsrail Müdafiə Qüvvələri daim məşğuldur (qonşulara təşəkkür edirik!), istirahət etməyə vaxt yoxdur. Əslində, Böyük Britaniya və ABŞ kimi hərbi güclərin texnoloji hissələri də eyni effekt verməli idi, lakin bu indiyədək nə Amerikada, nə də Birləşmiş Krallıqda qeydə alınmamışdı.
Buna fərqli nöqteyi-nəzərindən baxmağı təklif etdim. Məncə, İsrail Müdafiə Qüvvələri (digər ordular kimi) özünəməxsus xüsusiyyətlərə malik olan həyat məktəbidir. Qeyd edim ki, mən özüm hava-piyada batalyonunda xidmət göstərmişəm və dərin təhlil aparmaq fikrində deyiləm. Təsvir edəcəyim hər şeyi şəxsi təcrübəmdən götürmüşəm və bu biliyimin biznes sahəsində istifadə edilə biləcəyindən əminəm.
Hamı eyni nöqtədən başlayır. İsrail Müdafiə Qüvvələrində hamı aşağıdan başlayır. Bizdə hərbi məktəb yoxdur. Hamı əsgər kimi başlayır və uğurlarından asılı olaraq vəzifədə yüksəlir (xüsusi kursları başa vurduqdan sonra). Beləliklə, komandir vaxtı ikən tabeçiliyində olan əsgərlərin yerində olduğuna görə, onların məsuliyyətini çox yaxşı başa düşür. Aydındır ki, bütün keçidlər təlim və müvafiq seçim ilə müşayiət olunur və bu piramida hər hansısa təşkilatda olduğu kimi get-gedə daralır. Bu bizə nə verir? Hər bir əsgər nə vaxtsa general ola biləcəyini bilir. Nailiyyətlərə (ləyaqət bazası) əsaslanan inkişaf etmə mədəniyyətini yaradır.
Sosial lift. Ordu həm də sosial liftdir. İsrail texnologiya şirkətlərindəki bugünkü biznes liderlərinin çoxu Müdafiə Qüvvələrində xidmət göstərmiş insanlardır. Onlar kasıb ailələrdən olduğuna görə, uğurlu olmaq üçün çox səy göstərməli olublar. Daim fərqli ölkələrdən və mədəniyyətlərdən immiqrasiya dalğalarını qəbul edən bir ölkədə, ordu bütün mədəniyyətləri əridib bir-birinə qatıb-qatışdıran qazan rolunu oynayır.
Münasibətlərin qeyri-rəsmiliyi. Orduda xidmət göstərmiş insanlar deyəcək: “Bu necə ola bilər axı? Ordu rəsmiləşdirilmiş təşkilatlardan biridir, burada vəzifə iyerarxiyası çox güclüdür. Lakin İsrail Müdafiə Qüvvələrində hərbi salamlaşma yoxdur, əsgərlər komandirləri adla çağırırlar, yeməkxanada hamı eyni masada oturur, bir sözlə: dünyanın ordularında olan adət-ənənələrdən imtina. Müəyyən dərəcədə bu, İsrail dövlətinin qurulmasından əvvəl mövcud olmuş qaydadır və bu günə qədər qorunur, ordunun gündəlik fəaliyyətinə müsbət təsir göstərir.
Düşünürəm ki, münasibətlərin qeyri-rəsmiliyi iki vacib fenomenin təməlini qoyur:
“Məsuliyyət bəxşiş etmək” və “Tənqidi düşüncənin inkişafı”. Daha əvvəl təsvir etdiyim cəhətlər İsrailin iş mühitinə və biznes-mədəniyyətinə təsir göstərsə də, ordu xidmətimdən götürmək istədiyim iki şey bu olardı.
Məsuliyyət bəxşiş etməkdən başlayaq (ingilis dilində “authority delegation”). İsrail Müdafiə Qüvvələrində xidmət göstərən komandirlər, əsgərlərə onların təcrübə və vəzifə baxımından səlahiyyətlərini aşan tapşırıqlar verməyə çalışırlar. Bu, bütün səviyyələrdə baş verir. Ən sadə misal – komandir orduda altı ay müddətində xidmət göstərən əsgəri yanına çağırır və ona müəyyən əraziyə nəzarət edən altı əsgərə əmr verməyi tapşırır. Əlbəttə ki, əsgər belə bir məsuliyyəti öz üzərinə götürməyi xəyal belə eləmirdi (sənədlərə görə, bu, təcrübəli çavuş olmalıdır). Burada komandirin əsas məqsədi nədir? Əgər əsgər kifayət qədər bacarıqlıdırsa, komandir onu kurslara göndərir (əsgərin bundan xəbəri olmasa belə) və ya əksinə: əsgər çox tənbəldir və komandir bu yolla onu motivasiya etməyə çalışır. Bu, ordunun təşkilati mədəniyyətinin bir hissəsidir və hər kəs oxşar təlimlərdən keçir.
Xidmətin müxtəlif mərhələlərində belə tip məşqlərdən keçəndən sonra əsgər və ya gənc zabit belə düşünür: “Mən bacarıram. Mən hər şeyi edə bilərəm – mənim üçün mümkünsüz heç nə yoxdur”. Düşünürəm ki, bunu yəhudilərin təkəbbürü (ingiliscə – “Chutzpa”) kimi də qiymətləndirə bilərik (təbii ki, yaxşı mənada). Bu, Tel-Əvivdəki zirzəmidə oturan İsrail startapçılarına böyük korporasiyalara meydan oxumağa, cəsarətli qərarları ilə hər kəsi təəccübləndirməyə və daha çox pul cəlb etməyə imkan verir. Adətən (əgər seçiminiz düzgündürsə) insanlar ona həvalə edilmiş vəzifələrin öhdəsindən tez gəlir. ş üçün təsirin son dərəcə müsbət olduğu həm pulda, həm də dəyərli kadrların inkişafı və qorunub saxlanması baxımından aydındır.
İndi isə tənqidi düşüncənin inkişafından danışaq. Rütbəsindən aşılı olmayaraq bütün hərbiçilər bir otağa toplanır. Rütbəsi aşağı olan şəxs əlini qaldıraraq soruşur: “Hesab edirəm ki, polkovnikin əmri yanlış idi və bizi əlavə riskə atdı”. Bundan sonra otaqda olan hər bir kəsin iştirakı ilə dərin müzakirələr başlanır. Çox vaxt zabit səhvini boynuna alır və hamı birlikdə gələcəkdə belə bir səhvin təkrarlanmaması üçün nələr etmək lazım olduğunu müəyyən edirlər. Çoxları deyəcək ki, bu qəribədir və orduda xaosa səbəb ola bilər. Buna baxmayaraq, fakt fakt olaraq qalır – bu üsul işləyir.
Məntiq olduqca sadədir: əgər padşah çılpaq gəzirsə, tabeçiliyində olan insanlar bunu görənə qədər ona bu barədə məlumat vermək lazımdır. Məncə, yüksək rütbəli şəxsləri tənqid edilməsinin cəzasızlığı və bu cür tənqidlərin fəal şəkildə təbliği, biznes mədəniyyətinin yaradılmasına verilən əsas töhfələrdən biridir.
Bir daha təkrar edim – hərbi xidmət intensiv məşqdir və hər bir kəs ondan nə isə götürə bilər. Mən sizə istənilən təşkilatda istifadə və müsbət nəticə əldə edə biləcəyiniz əsas aspektləri göstərdim (İsrail xaricində də). Lakin unutmayın ki, yuxarıda sadalananlar uzun sürən prosesdir. Və dəyişiklər, bildiyiniz kimi, bir gündə baş verə bilməz, amma yenə də cəhd etməyə dəyər.