Apple şirkəti hər iPhone 11 Pro Max satışından 1000 dollar qazanır
Tech Insights saytının mütəxəssisləri 512 GB daxili yaddaşa sahib iPhone 11 Pro Max modelinin maya dəyərini hesablayaraq smartfonun bütün komponentlərinin qiymətlərini təqdim ediblər. Beləliklə məlum olub ki, smartfonun ən bahalı hissəsi məhz onun kamerası və təsvir emalı üçün nəzərdə tutulmuş təchizatıdır. Bu komponentlərin ümumi qiymətləri 73.50$ təşkil edir.
İkinci ən bahalı komponent isə smartfonun 6.5 düym OLED ekranıdır. Onun dəyəri 66.50$ təşkil edir. Onun ardı ilə A13 Bionic prosessoru gəlir. Onun qiyməti isə 64$ təşkil edir. Smartfonun digər komponentlərinin qiymətlərini hesablamaqla müəyyən edilib ki, iPhone 11 Pro Max modelinin maya dəyəri istehsal və test olunma ilə birlikdə 490.50$ təşkil edir.
Nəzərə alsaq ki, Apple şirkəti sözügedən smartfonun 512 GB daxili yaddaş həcmli versiyasını 1449$-a satır, şirkətin hər satılmış smartfondan əldə etdiyi gəlir 66% təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, 128 GB daxili yaddaşa sahib Galaxy S10 Plus modelinin maya dəyəri 420$ təşkil edir. Lakin Samsung şirkəti onu 999$-a satır və beləliklə şirkətin hər satılmış smartfondan əldə etdiyi gəlir 58% təşkil edir.