Sosial iqtisadiyyat

Azərbaycan Rusiyaya nota verib

Azərbaycan Rusiyaya nota verib.

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, cari il oktyabrın 11-də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim tərəfindən təşkil olunan məlum tədbirdə Rusiya Federasiyasının Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulinin iştirakı ilə əlaqədar Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin narahatlığını ifadə edən rəsmi nota göndərilib.

Notada separatçılığı açıq şəkildə dəstəkləyən Konstantin Zatulinin qeyd edilən tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı səsləndirdiyi növbəti təxribat xarakterli bəyanatlarına və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığa xələl gətirən çıxışlarına Rusiya tərəfindən münasibətin bildirilməsi, həmçinin rusiyalı deputatın işğal altında olan ərazilərə hansı qisimdə səfər etməsi və sözügedən səfərin kimin tərəfindən maliyyələşdirilməsi ilə bağlı məlumatın dəqiqləşdirilməsi xahiş edilib.

Bundan əlavə, notada Konstantin Zatulinin mütəmadi şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın siyasi mövqeyinə zidd olan fikirlər irəli sürməsinə, tarixi faktları açıq şəkildə təhrif etməsinə, Ermənistanın apardığı işğalçı siyasətə bəraət qazandırmaq cəhdlərinə müvafiq qiymətin verilməsinin vacibliyi vurğulanıb, onun bir deputat kimi öz sözlərinə və hərəkətlərinə görə məsuliyyət daşımalı olduğuna diqqət çəkilərək Rusiya Xarici İşlər Nazirliyindən lazımi tədbirlərin görülməsi xahiş edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)