İşdə yaranan problemlərə qarşı dayanıqlı olmaq üçün nə etmək lazımdır?
Kimsə sizin əməyinizi mənimsəyib
Təsəvvür edin ki, hansısa layihə üzərində çox çalışmışınız və ya maraqlı fikir irəli sürmüsünüz, müdiriniz və ya iş yoldaşınız isə sizin bu əməyinizi mənimsədi. Qalmaqal yaratmağa tələsməyin – əvvəlcə situasiya ilə bağlı hər şeyə obyektiv qiymət verməlisiniz. Əməyinizi mənimsəyən şəxsin motivasiyası nə idi?
Əslində, səbəblər fərqli ola bilər: eqoistlik, özünüqiymətləndirmənin aşağı səviyyədə olması və s. Yaxşı olar ki, həmin insanla danışasınız və bu davranışın səbəbini başa düşəsiniz. Nəzərə almalısınız ki, problemin həlli də məhz onun yaranma səbəbindən asılıdır.
İşdəki durğunluq
Təcili olaraq işlə əlaqədar işgüzar səfərə getmisiniz, lakin müəyyən səbəblərdən aeroportda düşündüyünüzdən daha çox gözləməli oldunuz. Reysinizi gözləyirsiniz, iş isə tökülüb-qalıb və siz əsəbləşirsiniz.
Çalışın mövcud vəziyyətdən istifadə edəsiniz. İşlərinizin siyahısını yazın, telefonda lazımsız kontaktları və mesajları silin. Və ümumiyyətlə, bu kimi əngəllərə hazır olun – audio kitablar və ya podkastlar yükləyin.
Əsəbi iş yoldaşı və ya müdir
Əgər həddindən artıq əsəbi və ya emosional olan biri ilə işləmək məcburiyyəti varsa, ofis sizin üçün mina sahəsinə bənzəyək.
Yaxşı olar ki, iş yoldaşınızın və ya müdirinizin emosional “bombası” na dərhal cavab verməyəsiniz, pauza götürün. Çalışın sakit tonda cavab verəsiniz, çünki çox güman ki, həmin insanın belə davranışın əsas səbəbi onun şəxsi problemlərdir.
“Deadline” ların pozulması
Bu qaçırılmazdır. Komandanızdan kimsə bu və ya digər işi vaxtında görməyi çatdırmaya bilər. Bəzən insanlar öz öhdəliklərini yerinə yetirmirlər və bu bizi əsəbiləşdirir.
Bəlkə də, onlar özlərini idarə etməyi bacarmırlar. Və ya çox güman ki, onlara işini görməyə mane olan hər hansısa səbəb var. Bu halda siz həmin insana kömək etməlisiniz. Bəlkə də, insan bu rol üçün uyğun gəlmir və onu başqa vəzifəyə təyin etmək daha məqsədəuyğundur.
Sizə məhsuldar işləməyinizə mane olurlar
Bizim ətrafımızda mənasız danışmağı və ya məqsədsiz iclas keçirməyi sevən insanlar var. Bizə elə gəlir ki, bu an özümüzü toplayıb işə başlaya bilməyəcəyik. Təəssüf ki, “Mən işləyirəm!” deyə qışqırsanız, sizə tərs-tərs baxacaqlar. Bütün bildirişləri bağlamaq və məşğul olduğunuzu göstərmək daha yaxşıdır.
Əgər otağınızın qapısı varsa, onu bağlayın. Açıq tipli ofisdə işləyirsinizsə, danışmağa vaxtınızın olmadığını göstərin: qulaqcıq taxın və ya tək qala biləcəyiniz bir yerə gedin.
Xoşagəlməz vəziyyətdən çıxmaq üçün, bütün əsəbini insanların üstünə tökmək ən sadə yoldur. Düzdür, bir müddət bu sizə kömək edəcək, lakin sonda yenə özünüzü pis hiss edəcəksiniz. Yaxşı olar ki, özünüzə düşünməyə vaxt verəsiniz, sizin rasional qərarınız qıcıqlanmanı deyil, qıcıqlanmanın mənbəyini aradan qaldırmalıdır.