Aqrar

Azərbaycan dünyada 2-ci fındıq istehsalçısı ola bilər

Bu gün Bakıda "Strateji məhsul" mövzusunda beynəlxalq seminar keçirilir.

ENA.az xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının, İslam Ticarət-Sənaye və Kənd Təsərrüfatı Palatasının, İslam İnkişaf Bankının təşkilatçılığı ilə baş tutmuş tədbir pomidorçuluğun və fındıqçılığın inkişafına həsr olunub.

Eləcə dəbax: "Rusiyadan min ton sifariş almışıq"

 

Seminarı giriş sözü ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə açıb. O bildirib ki, nazirliyin əsas missiyalarından biri ölkədə aqrar sektora aid analitik baza formalaşdırmaqdır.

“Aqrar Tədqiqatlar Mərkəzinin pomidorçuluq və fındıqçılıq sahələri üzrə təhlilləri var. Yaxın vaxtlarda ölkədə 84 min hektara qədər ərazidə fındıq əkini sahələri formalaşdırılacaq. İntensiv texnologiyalar tətbiq etməklə hər hektardan 1,5 ton məhsul ala bilərik ki, bununla da Azərbaycan fındıq istehsalına görə dünyada Türkiyədən sonra 2-ci ölkə ola bilər”, - deyə nazirlik rəsmisi qeyd edib.

Bundan başqa, F.Fikrətzadənin sözlərinə görə, hazırda Türkiyə Azərbaycan və Gürcüstanla fındıq istehsalında qiymət siyasətinə, eləcə də xəstəliklərlə mübarizəyə dair müzakirələr aparır.

Beynəlxalq Qoz və Quru Meyvə Şurasının məlumatına görə, Azərbaycan dünyada fındıq istehsal edən ölkələrin ilk 5-liyinə daxildir. Qlobal fındıq istehsalının 4%-i ölkəmizin payına düşür. Hazırda Azərbaycanda fındıq bağlarının ümumi sahəsi 74 min hektardır. Ötən il ölkədə 45,5 min ton fındıq istehsal edilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)