Gürcüstan sərhədində tikiləcək yeni gömrük-sərhəd buraxılış məntəqəsinin adı məlum olub
Azərbaycan-Gürcüstan dövlət sərhədində inşa ediləcək yeni birgə gömrük-sərhəd buraxılış məntəqəsinin adı məlum olub.
Bunu Dövlət Gömrük Komitəsinin Gömrük Postlarına Nəzarət Baş İdarəsinin rəisi Şahin Ələsgərov bildirib.
Onun sözlərinə görə, Gürcüstanın Tbilisi şəhərində Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndələri arasında keçirilmiş işçi görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində “İpək Yolu - Abreşumis Gza” yeni birgə gömrük-sərhəd buraxılış məntəqəsinin inşasının layihələndirilməsi, həmçinin birgə gömrük nəzarətinin təşkilinə dair müzakirələr aparılıb: “Bununla əlaqədar hazırlanmış “Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında Saziş” layihəsinin hər iki tərəfdən aidiyyəti dövlətdaxili prosedurları keçərək imzalandıqdan sonra, onun müddəalarına əsasən zəruri mexanizmin həyata keçirilməsi üçün tərəflərin ekspertlərinin iştirakı ilə müvafiq qaydaların hazırlanması barədə razılıq əldə edilib”.
O bildirib ki, aidiyyəti dövlət strukturlarından alınmış rəy və təkliflər nəzərə alınmaqla “Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında dövlət sərhədlərindən buraxılış məntəqələri haqqında Saziş” layihəsinin Dövlət Gömrük Komitəsində ümumiləşdirilmiş son mətni müqabil tərəfə göndərilməsi məqsədilə Azərbaycanın Xarici İşlər Nazirliyinə göndərilib.
Ş.Ələsgərov qeyd edib ki, ilkin olaraq Gürcüstanla sərhəddə yerləşən gömrük postlarının fəaliyyətində belə təcrübədən istifadə edilməsi istiqamətində müqabil tərəflə danışıqlar aparılır və imkanlar nəzərdən keçirilir.