"Qlobal iqtisadiyyat üçün ən böyük təhdid ticarət müharibəsidir"
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard ticarət müharibəsinin təsirləri mövzusundakı narahatlıqlarını dilə gətirib.
ENA.az xəbər verir ki, 2011-ci ildən bu yana BVF rəhbəri kimi xidmət edən və Avropa Mərkəzi Bankında Mario Draghinin vəzifə müddətinin bitməsilə yerinə keçəcək Kristin Laqard ABŞ ilə Çin arasındakı ticarət müharibələrinin qlobal iqtisadi artımı 2020-ci ildə 0.8 faiz azalda biləcəyini deyib.
CNBC-yə danışan Laqard "Bu, çox böyük bir rəqəmdir. Daha az məşğulluq, daha az investisiya və daha çox qeyri-müəyyənlik mənasına gəlir. Bu da qlobal iqtisadiyyat üzərində qara bulud yaradır" ifadələrini istifadə edib.
ABŞ ilə Çinli rəsmilərinin gələn ay Vaşinqtonda görüşlər keçirməsi gözlənilir. Laqard, ötən ildən bəri davam edən və maliyyə bazarlarını da silkələyən ticarət müharibələrinin davam etməsinin daha çox qeyri-müəyyənliyə səbəb olacağını qeyd edərək "kiçik, orta və ya iri bir sahibkarsınız, investisiya qoymayacaq və gözləmək istəyəcəksiniz", - şərhini edib
ABŞ Prezidenti Donald Tramp Çin ilə bərabər Avropanı da təhdid etmişdi. Avropa ilə ABŞ-ın uzun illərdir müttəfiq olduğunu bildirən Laqard bu əlaqənin heç vaxt ticarət müharibələrinə çevrilməməsi lazım olduğunu sözlərinə əlavə edib.