Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək
Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək.
ENA.az xəbər verir ki bunu Prezident İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə çıxış edərkən deyib.
Dövlət başçısı bildirib:
"“Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. “Əsrin kontraktı”nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılmışdır. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var.
Eyni zamanda, o vaxt Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı. Ermənistanın ölkəmizin torpaqlarını işğal etməsi, gedən vətəndaş müharibəsi, iqtisadi çətinliklər, bir daha demək istəyirəm ki, Azərbaycanı investisiya üçün əlverişli ölkə kimi təqdim edə bilməzdi. O vaxt ulu öndər Heydər Əliyevin xidmətlərindən biri də o olmuşdu ki, investorları inandıra bilmişdi və Dövlət Neft Şirkətinin rəhbərliyi - bizim dostumuz rəhmətlik Natiq Əliyev, Xoşbəxt Yusifzadə, Valeh Ələsgərov, mən və digər əməkdaşlar çalışırdıq investorları inandıraq ki, Azərbaycana sərmayə qoymaq olar, sərmayə qoymaq lazımdır və Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək. Belə də oldu. “Əsrin kontraktı”nın icrasına qoyulmuş sərmayə artıqlaması ilə qaytarıldı. Xarici investorlar milyardlarla dollar gəlir əldə etdilər. Azərbaycan dövləti yüz milyard dollardan çox gəlir əldə etdi".