Sosial iqtisadiyyat

Sabiq nazirlər nə qədər pensiya alırlar…- ARAŞDIRMA

Vaxtilə yüksək postlar tutmuş eks-nazirlərlə bağlı məsələlər tez-tez gündəm olur. Onların bir çoxu pensiya yaşını tamamlayıblar. Bəziləri uşaq sayına, bəziləri staja görə dövlətin onlar üçün ayırdığı vəsaiti xımır-xımır xərcləməklə məşğuldurlar. Bəlkə də bəzi sabiqlər üçün bu məbləğ “tum pulu” kimi bir şeydir, amma biz yenə də sabiq nazirlərin pensiya məbləğini sizlər üçün araşdırmaq qərarına gəldik.

Eks-nazirlərin pensiya təminatı hansı şəkildə həyata keçirilir? Onların aldığı pensiya məbləği neçə manat təşkil edir? Sualları ilə dövlət qurumu və ekspertə müraciət etdik.

Eks-nazirlərin pensiyası bu məbləğdən artıq ola bilməz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov  bildirib ki, dövlət qulluqçularına və sabiq nazirlərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya digər vətəndaşlar kimi sığorta göstəriciləri nəzərə alınmaqla ümumi əsaslarla təyin edilir:


“Həmin qanunun 20-ci maddəsinə əsasən, dövlət qulluqçularına və sabiq nazirlərə təyin edilmiş pensiyaların üzərinə qulluq stajına görə əlavə hesablanması nəzərdə tutulub. Pensiyanın minimum məbləği “Əmək pensiyaları haqqında” Qanunun 6-cı maddəsi ilə müəyyənləşdirilib”.


Yeri gəlmişkən, 1 oktyabr 2019-cu il tarixindən minimum pensiya məbləği 200 manat təşkil edir”.


F.Talıbovun sözlərinə görə, sığorta göstəricilərinə əsasən, təyin olunan pensiyaların maksimum məbləği bütün növ pensiyalar üzrə qanunla məhdudlaşdırılmır:


“Lakin qulluq stajına görə pensiya alan dövlət qulluqçularının və sabiq nazirlərin pensiyaları aldığı dövlət məvacibinin orta aylıq məbləğinin 80%-dən artıq ola bilməz”.

 

Nazir I qrup əlildirsə...

 

Hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, qanunvericilikdə pensiya təyinatı bir neçə amilə görə müəyyənləşdirilir:


“Birinci amil yaşa görə pensiya təyinatıdır. Eyni zamanda güzəştli şərtlərlə pensiya almaq hüququna malik olan şəxslər var. Bunlar dövlət qulluqçuları, rəhbər vəzifələrdə çalışanlar, yaxud vaxtilə çalışanlardır. Eyni zamanda,  sağlamlıq və uşaqların sayına görə pensiya təyinatı mövcuddur. Məsələn, qanunvericilikdə cırtdanboylularla bağlı fərqli yaş hədləri müəyyənləşib. Amma Azərbaycanda vəzifəli şəxslər qanunvericilikdə göstərilmiş müddətdə staji yoxdursa və yaş həddi tammalanmayıbsa, onlara pensiya təyin oluna bilməz. Əgər vəzifəli şəxs I qrup əlildirsə, ona müəyyən olunmuş yaş həddinə çatmamış da pensiya təyin oluna bilər. Bu zaman sığorta stajı  və yığımla bağlı məbləğ müəyyənləşdirilməlidir.


Qanunvericilikdə bəzi dövlət qulluğunda çalışanlarla bağlı fərqli əsaslar və hallar müəyyənləşdirilib. Bütün bunlar pensiya məbləğinə təsir göstərən amillərdir. Əgər şəxs nazir postundan azad edilərkən yaşı və stajı pensiya təminatına imkan verirsə, birbaşa pensiyaya göndərilir. Amma dəqiqliyilə sabiq nazir filan qədər pensiya alır demək doğru deyil. Çünki sabiq nazirlərin pensiya təminatı fərdidir. Bura minimum pensiya məbləği, yaş, staj və s. daxildir”.

 

Qanun kimlərə güzəştlər verir?

 

Qeyd edək ki,  “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə görə, qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərdə tutulur.

 
20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:


20.1.1. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla); 


20.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və sabiq deputatı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sabiq deputatı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;


20.1.3. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri;


20.1.3-1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;


20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş sabiq hakimlər; 


20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;


20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri;


20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla); 


20.1.5-2. prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;


20.1.6. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman);


20.1.6-1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili (ombudsman) vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;


20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 


20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla);


20.1.9. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Milli Televiziya və Radio Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri.

 

Dövlət qulluqçularının pensiya təminatı


“Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə, pensiyanın miqdarı dövlət qulluğunda xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir:
 

- dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - onun dövlət məvacibinin 60 faizi miqdarında;

- dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə - onun dövlət məvacibinin 70 faizi miqdarında;

- dövlət qulluğu vəzifəsində 15 ildən artıq qulluq stajı olan şəxsə - onun dövlət məvacibinin 80 faizi miqdarında.

- Bu Qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvlərinin sayından asılı olmayaraq onlara pensiya aşağıdakı miqdarda təyin edilir:

- vəfat etmiş dövlət qulluqçusunun qulluq stajına görə almalı olduğu pensiyanın 80 faizi miqdarında;

- vəfat etmiş pensiyaçının pensiyasının 80 faizi miqdarında.

- Pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır.

- Pensiyanın təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydası Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Eks-nazirlərin pensiya məbləği

 

Prezidentinin 10 avqust 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamı ilə nazirlərin əməkhaqqı 1925 manatdır.

Rəsmi məlumatlara əsasən belə nəticə hasil olur ki, eks-nazirlərin orta pensiya məbləği 1540 manatdır (nazir maaşının 80 %-i).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)