Rəsmi

Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları qarşısında yeni tapşırıq qoyuldu

Nazirlər Kabineti “Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması”nı və “Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması”nı təsdiq edib.

ENA.az xəbər verir ki, Baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına və dövlətə məxsus müəssisələrinə tapşırılıb ki, Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrin icrasına dair illik dövr üzrə dövri hesabatı kağız və elektron daşıyıcılarda müvafiq hesabat dövründən sonrakı 10 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər; Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabatı kağız və elektron daşıyıcılarda bu Qərarın 2-ci hissəsi ilə təsdiq olunmuş formaya uyğun olaraq layihə bitdikdən sonra 20 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərsinlər və sonrakı 30 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən təqdim edilmiş məlumatları ümumiləşdirib, illik hesabat şəklində kağız və elektron daşıyıcılarda (həmçinin, ümumiləşdirilmiş məlumatları slaydlarda olmaqla təqdimat formatında) müvafiq hesabat dövründən sonra 1 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.

Bu Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə həvalə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department