Milli Arxiv İdarəsi: "Azərsığorta" bu sənədləri 75 il saxlamalıdır
Milli Arxiv İdarəsi, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") həlak olmuş hərbi qulluqçuların varislərinə 1991-1997-ci illərdə verilmiş sığorta ödənişlərinin sənədlərinin dövlət arxivinə verildiyi ilə bağlı ötən ay yaydığı açıqlamaya münasibət bildirib.
Açıqlama verən İdarənin rəisi Əsgər Rəsulov həmin sənədlərin 75 il şirkətdə saxlanılmalı olduğunu deyib.
"Biz hazırda 1942-ci ilin sənədlərini daimi saxlamaq üçün arxivə qəbul edirik. "Azərsığorta"nın ödənişlərindən 75 keçməlidir ki, o sənədlər Milli Arxiv İdarəsinə verilsin. Yəni, şirkət hələ ki, onları saxlamalı, sənədlər mənşəyində qalmalıdır. Bu gün müxtəlif idarə, müəssisə və təşkilatlarda milyonlarla sənəd yaranır. Onları dərhal dövlət arxivinə götürmürük. Sənədlərin arxivə verilməsi müddəti ilə bağlı xüsusi siyahı var. Bəzi sənədlər 5 il, bəziləri 15 il, bəziləri - fərdi xarakterli sənədləri isə 75 ildən sonra arxivə təhvil verilir. "Azərsığorta"dakı sənədlər də 75 il saxlanılmalı sənədlərdir", - deyə o, qeyd edib.