Sənaye

BP Azərbaycan ilə 25 illik yeni sazişi üzrə şirkət yaradıb

İyun ayında Vergilər Nazirliyi "BP Eksploreyşn D230 Limited" şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyini dövlət qeydiyyatına alıb.

ENA.az xəbər verir ki, Nümayəndəliyin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu Neftçilər pr 153, qanuni təmsilçisi Jones Robert Gary-dir. 

Qeyd edək ki, D230 bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok təxminən 3 min 200 kvadratkilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3 min 500 metrdir.

Bu il aprelin 26-da Londonda Prezident İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin iştirakı ilə SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü (HPBS) haqqında saziş imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli imzalayıb.

25 illik müddəti əhatə edən hasilatın pay bölgüsü haqqında sazişə əsasən BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.

 

Bundan əvvəl, 2016-cı ilin may ayında BP D230 blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la Qarşılıqlı Anlaşma Memorandumu imzalamışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)