"Mazımçay" gömrük postunda sıxlıqla bağlı - KOMİTƏDƏN AÇIQLAMA
Son günlər turist axınının və səyahətçilərin sayının artması Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda zaman-zaman nisbi sıxlıqların yaranmasına səbəb olub.
Komitədən “ENA”ya verilən məlumata görə, gündəlik iş rejimində "Mazımçay" gömrük postunun idxal və ixrac nəzarət xəttləri vasitəsilə, ümumilikdə, 400 nəqliyyat vasitəsi sərhəddi keçirdisə, ötən gün bu gömrük postu vasitəsilə gömrük nəzarəti təmin edilməklə 440 nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olub, 460 avtomobil isə ölkəni tərk edib.
Avqustun 6-da günün birinci yarısına qədər isə 194 nəqliyyat vasitəsinin ölkə ərazisinə girişi, 191-nin isə çıxışı təmin olunub.
Hazırda "Mazımçay" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli şəkildə sərhədi keçməsi üçün lazımi bütün tədbirlər həyata keçirilir.
Qeyd edək ki, hər il turizm mövsümündə, xüsusilə avqust ayında ölkə ərazisinə gediş-gəlişlərdə ciddi artım müşahidə olunur. Turizm sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda ölkə iqtisadiyyatındakı ciddi inkişaf bu il həm turistlərin həm də dincəlmək üçün xarici ölkələrə səyahət edən ölkə vətəndaşlarının sayının daha da artmasına səbəb olub.