İnşaat və əmlak

140-dan çox özəlləşdiriləcək dövlət əmlakının əmlak və torpaq vergiləri üzrə borcları silinəcək

Azərbaycanda “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanuna əsasən 140-dan çox özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) qeyd olunan tarixə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək.

Əmlak Məsələləri Dövlət Komitəsindən “ENA”ya verilən məlumata görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2019-cu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən geniş müşavirədə bildirilib.

Məlumata əsasən, təqribi hesablamalara görə silinəcək borcların həcmi 12 mln. manatdan çox təşkil edir.

Bundan başqa, daşınmaz əmlaklar haqqında vahid və etibarlı informasiya bazası olan Milli Məkan Məlumatları İnformasiya Sisteminin  yaradılması istiqamətində işlər davam etdirilir. Sistemin formalaşdırılması və inteqrasiyası ilə bağlı texniki şərtləri hazırlayacaq beynəlxalq nüfuzlu xarici məsləhətçi şirkət seçilib. Bu sahədə bir sıra qaydalar hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırmalar aparılır.

Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat elektron xidmətlər portalı vasitəsi ilə onlayn rejimdə qəbul edilməkdədir. “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu” adlı xidmət vasitəsilə müəssisələrin hesabatları Komitə tərəfindən elektron formada qəbul olunur, ərazi idarələrinə göndərilir və yekun hesabat registr bazasına yerləşdirilir, məlumatda qeyd edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)