Azərbaycanda 13 minə yaxın tələbə təhsilini yarımçıq qoydu: Son 12 ilin rekord göstəricində əsas səbəb nədir?
Azərbaycanın ali və orta ixtisas təhsil sistemində narahatlıq doğuran bir tendensiya formalaşır. Universitetlərə qəbul olunanların sayı artsa da, məzun ola bilməyənlərin sayı da rekord həddə çatır.
Dövlət İmtahan Mərkəzinin "Tələbə-Məzun" sistemi üzrə məlumatları göstərir ki, 2025-ci ildə ümumilikdə 12 969 nəfər müxtəlif səbəblərlə təhsil aldığı müəssisədən xaric edilib. Bu, son 12 ilin ən yüksək göstəricisidir.
Ən maraqlı məqam isə odur ki, artımın əsas səbəbi akademik uğursuzluq deyil.
Qrafik göstərir ki, 2025-ci ildə xaric edilənlərin 6 122 nəfəri təhsil haqqını ödəyə bilmədiyi üçün universitet və ya kolleclə yollarını ayırıb. Akademik borca görə xaric olunanların sayı isə 684 nəfər olub.
Yəni hər 10 xaricedilmədən təxminən 9-u maliyyə səbəbləri ilə bağlıdır.
2014-cü ildə təhsil haqqına görə xaric edilənlərin sayı 2 120 nəfər idi. Sonrakı illərdə müəyyən eniş-yoxuşlar olsa da, 2022-ci ildən sonra artım sürətlənib:
- 2022 – 4 280 nəfər
- 2023 – 4 551 nəfər
- 2024 – 5 159 nəfər
- 2025 – 6 122 nəfər
Cəmi dörd il ərzində bu göstərici təxminən 43 faiz artıb.
Akademik borca görə xaricedilmələr isə tam əks mənzərə yaradır. Bir il 900 nəfərə yaxın olan göstərici növbəti illərdə 300-500 nəfər arasında dəyişir, 2024-cü ildə hətta 204 nəfərə qədər enir, 2025-ci ildə isə yenidən 684 nəfərə yüksəlir. Bu kəskin dəyişkənlik qiymətləndirmə və ya inzibati yanaşmalardakı fərqlərlə bağlı suallar yaradır.
Diqqət çəkən başqa bir məqam isə odur ki, problem yalnız tələbələrin sayının artması ilə izah edilə bilməz.
Əgər 2023 və 2024-cü illərdə xaric edilənlərin payı ümumi tələbə kontingentinin təxminən 2,1 faizi idisə, 2025-ci ildə bu göstərici 2,6 faizə yüksəlib.
Bu isə o deməkdir ki, ali və orta ixtisas təhsilinə daxil olan hər 100 tələbədən təxminən 3-ü təhsilini başa vurmadan sistemdən kənarda qalır.
Bu statistika artıq təkcə təhsilin deyil, həm də ailələrin maliyyə imkanlarının, tələbələrin sosial vəziyyətinin və təhsilin əlçatanlığının göstəricisinə çevrilir. Çünki son illərin rəqəmləri bir tendensiyanı açıq göstərir: universitetdən uzaqlaşdırılmanın əsas səbəbi artıq dərs deyil, puldur.

















