Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 8,5%-dən 8,25%-ə endirdi.
Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin növbəti iclası keçirilib.
“ENA” xəbər verir ki, İdarə Heyəti uçot dərəcəsinin 8,5%-dən 8,25%-ə endirilməsihaqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 10,25%, aşağı həddi isə 6,25% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
Beləliklə, Azərbaycan Mərkəzi Bankı 2019-cu ildə 5-ci dəfə faiz endirdi.
2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%-ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında isə 8,5%-ə endirilmişdi.
Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri faiz qərarı faiz dəhlizinin parametrlərinə həsr olunan mətbuat konfransında bildirdi ki, bu qərar faktiki inflyasiyanın hədəf diapazonunun (4±2%) mərkəzindən aşağıda olması, inflyasiya gözləntilərinin sabitliyi, xarici mühitin əlverişli qalması nəzərə alınmaqla qəbul edilmişdir.
Elman Rüstəmovun çıxışından əsas başlıqlar:
- Faktiki inflyasiya Mərkəzi Bankın hədəfindən aşağıdır.
-Proqnozlar tələbin canlanması ilə əlaqədar olaraq 2019-cu ilin sonuna inflyasiyanın hədəfdən (4±2%) yüksək olacağını göstərir.
-İqtisadi artım pozitiv dinamikasını saxlayır. 2019-cu ilin 6 ayında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2,4% təşkil etmişdir. Qeyri-neft sektorunda isə artım 3,2 % olmuşdur.
- Xarici sektorda müsbət meyillər davam etməkdədir.
Faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsi, inflyasiya gözləntiləri, xarici mühitin dəyişimi və maliyyə bazarlarının buna reaksiyasından asılı olaraq qəbul ediləcəkdir