Hesabatlar

Bank “BTB” borclu olduğu Mərkəzi Banka 23 milyon ödəyib – HESABAT   

Bank bazarında öz çərçivələri daxilində işləyən “Bakı Ticarət Bankı” ASC bu ilin birinci yarısında məzənnə fərqindən bir qəpik də qazanmayıb. 

 

İnvestisiya xərclərini artırıb 
 

ENA.az xəbər verir ki, bankın investisiya fəaliyyəti üçün istifadə etdiyi pul əməliyyat fəaliyyəti üzrə xərclərindən daha yüksəkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə bank kredit və qiymətli kağızlar üzrə gəlirlərini bir milyon manatdan çox artırıb, həmçinin inzibati xərcləri də yüksəlib. Bankın əməliyyat aktivlərində azalma iki dəfəyə yaxın düşüb və 4 milyon 827 min manat təşkil edib.Əməliyyat öhdəliklərində isə 2 milyon 774 min manatlıq artım qeydə alınıb və burada yəqin ki, depozit portfelinin də payı var. 
Ötən altı ayda maliyyə fəaliyyəti üzrə 5 milyon 890 min manat həcmində artım əldə edən bankın pul vəsaitləri 3 milyon 872 min manat artıb. Nəticədə dövrün əvvəlinə pul vəsaitlərinin həcmi 18 milyon 355 min manat, dövrün sonuna 22 milyon 227 min manat olub.  

 

Aktivlərin 59%-i kreditlərdən formalaşıb

Bu il iyulun 1-nə Bank “BTB”nin aktivləri 303 milyon 772 min manat olub ki, bu illik müqayisədə 1,4% çoxdur. Aktivlərin tərkibində ən böyük hissə kreditlərin payına düşür. Belə ki, bankın kredit portfeli 8,8% böyüyərək 179 milyon 152 min manata çatıb, bu isə o deməkdir ki, aktivlərin 59%-i məhz kreditlərdən formalaşıb. 

Diqqətçəkən ən mühüm məqamlardan biri budur ki, bank Mərkəzi Bankdakı müxbir hesabında saxldığı vəsaitin həcmini 4 dəfə azaldaraq, 34 milyon 290 min manatdan 8 milyon 475 min manata düşüb. Hesabatdan görünür ki, “BTB” öz vəsaitlərini başqa maliyyə qurumlarında yerləşdirməyə üstünlük verib. Ötən il bankın 2 min depoziti olduğu halda, 30.06.2019-cu il tarixə bu göstərici 8 milyon 673 min manatdır.  

 

13 milyon manatlıq zərəri toplanıb

Hesabat dövründə “Bank BTB”nin öhdəlikləri 1,4% artaraq 247 milyon 263 min manata yüksəlib. Artım daha çox depozit portfelinin hesabına baş verib və bu ilin birinci yarısına olan rəqəmlərə əsasən, portfelin həcmi 116 milyon 622 min manatdır. Müştərilərin müddətli depozitləri 77 milyon manatdan bir il ərzində 85 milyon manata yüksəlib. Bank “BTB” Mərkəzi Bankdan aldığı 26 milyon manat borcun 23 milyon manatını qaytarıb və hazırda borcun həcmi 3 milyon manatdır.

ankın balans kapitalı isə 1,8% artaraq 56 milyon 509 min manata çatıb. Nizamnamə kapitalı 66 milyon manatdır, lakin bankın ötən illərdən 13 milyon manatlıq zərəri toplandığından məcmu kapitalın həcmi 56 milyon manat təşkil edir. Bankın kapitalından necə istifadə etdiyinə gəlincə, kapital gəlirliliyi üzrə əmsallar ötən bir ildə artıb. Birinci dərəcəli kapitalın adekvatlıq əmsalı 5% normaya qarşı 26%, məcmu kapitalın adekvatlığı isə 10%-ə qarşı 27,39% olub. Bu isə onu göstərir ki, bank kapitalından yaxşı istifadə edərək, gəlir əldə edə bilir. 

 

Əməliyyat mənfəəti artıb

“Bank BTB” ASC bu ilin I yarısını 895 min manat mənfəətlə başa vurub bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% azdır.
Yanvar-iyun aylarında “Bank BTB”nin gəlirləri 13 milyon 478 milyon manat olub. Gəlirlərin 10 milyon 59 min manatı faizlərdən, 2 milyon 888 min manatı qeyri-faiz gəlirlərindən formalaşıb. Bir illik tendensiyaya baxsaq, bankın faiz gəlirləri 2 milyona yaxın artıb. Bankın ümumi xərcləri 12 milyon 708 min manat, faiz xərcləri 5 milyon 721 min manat, qeyri-faiz xərcləri 6 milyon 987 min manat olub. Nəticədə bankın əməliyyat mənfəəti 770 min manat olub. Bank  xüsusi ehtiyatlara 125 min manat ayırıb və mənfəət vergisi ödəməyib, nəticədə ikinci rübü 895 min manatla yekunlaşdırıb. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı