“Atabank” vaxtıkeçmiş kreditlərin əvəzində 8 milyonluq əmlak götürüb – HESABAT
“Atabank”ASC-nin fəaliyyəti onun real səhmdarlarının dəyişməsi ilə çox maraqlı göründüyündən bankın 2019-cu ilin ikinci rübündəki fəaliyyətini açıqladığı rəqəmlər əsasında təhlil etməyə çalışacağıq.
“5,3% kiçilmə”nin detalları
ENA.az olaraq qeyd edək ki, ötən müddətdə “Atabank” ətrafında gedən mənfi məlumatlara baxmayaraq, komanda bankı ayaqda saxlamaq üçün səy göstərdi və probelmli kreditlərlə bağlı fərman digər banklarla yanaşı, Atabank-a da əlavə vəsait qazandırdığından qarşıdakı rüblərdə bankın maliyyə vəziyyətində müsbət dinamikanın izlənəcəyi gözlənilir.
Hesabata əsasən, bu il iyulun 1-nə “Atabank”ın aktivləri 571 milyon 239 min manat olub və bu ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% azdır. Aktivlər hansı maddələrə görə azalıb, bunu təhlil etməyə çalışacağıq. İlk növbədə qeyd edək ki, nəzərəçarpan azalma kredit portfelində qeydə alınıb və portfelin həcmi 465 milyon manatdan 376 milyon milyon manata düşüb. Nəticədə son bir ildə Bankın kredit portfeli 9,9% kiçilib. Bankın nağd vəsaitlərinin həcmində 1 milyon manatdan çox azalma var, eyni zamanda Mərkəzi Bankdakı müxbir hesabdakı vəsaitlər və Nostro hesabı 2 dəfəyə yaxın azalıb.
Bankın qiymətli kağızlara yatırımı dəyişməyib və 15 milyon manat həcmində qalmaqdadır. Maraqlıdır ki, “Atabank”ın tikilməkdə olan 57 milyon manatlıq əmlakı var, 26 milyon manata yaxın avadanlıq mebel, daşınar əmlaka sahibdir.
Bank vaxtı keçmiş ödəmələrə görə 8 milyon 525 min manat dəyərində daşınmaz əmlak götürüb.
15 milyon manat bölüşdürülməmiş xalis mənfəəti var
Hesabat dövründə “Atabank”ın öhdəlikləri 6,5% azalıb və 428 milyon 591 miln manat olub. Bankın dolayı səhmdarı kimi tanınan keçmiş vergilər naziri Fazil Məmmədovun ətrafında gedən informasiyalara baxmayaraq, bu amil depozit portfelinə ciddi təsir etməyib. İllik müqayisədə portfelin həcmi 2,6% azalaraq 307 milyon 491 min manata düşüb. Hüquqi və fiziki şəxslərin müddətli depozitlərinin həcmi 280 milyon 531 min manatdan 273 milyon 251 min manata düşüb.
- Eləcə də bax: “Fuad Aslanlının bankı”nda vəziyyət necədir: HESABAT
“Atabank”ın balans kapitalı isə 1,4% azalaraq 142 milyon 649 min manata düşüb. Hesabat tarixinə bankın xarici valyutada balansı 14,923,561.30 olub, xalis açıq valyuta mövqeyi isə 5,224,342.53-dir.
Bankın nizamnamə kapitalı 120 milyon manatdır və bu 50 milyon manatlıq minimum normanı üstələyir, əvvəlki illərdən isə bankın 15 milyon manata yaxın bölüşdürülməmiş xalis mənfəəti var.
Pul necə hərəkət edib?
Pul hərəkətinə baxsaq, ötən ilin eyni dövrü ilə müqayisədə alınmış faizlər yəni, bankın qiymətli kağızlara qoyulmuş səhmlərdən gələn gəlirlər, verilmiş kreditlərdən yığılmış faizləri 2 milyon 389 min manat olub. Ödənilmiş faizlər isə 5 milyon 163 min manat təşkil edib. Bu isə o deməkdir ki, bankda digər bankın nostro hesabı varsa ona ödənilən faizlər, müddətli depozitlər üzrə bankın faiz xərcləri artıb. Bank valyuta ticarəti üzrə əməliyyatlardan isə 297 min manat əldə edib.
Nəticədə dövrün əvvəlinə pul vəsaitlərinin həcmi 17 milyon 782 min manatdan dövrün sonuna 14 milyon 982 min manata düşüb.
Faiz gəliri 8 milyondan 5 milyona düşüb
“Atabank” ASC bu ilin I yarısını 149 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,1% çoxdur.
Yanvar-iyun aylarında “Atabank”ın gəlirləri 19 milyon 893 min manat olub. Gəlirlərin tərkibində faiz gəlirləri 16 milyon 912 min manat, qeyri-faiz gəlirləri 2 milyon 981 milyon manat təşkil edib. Müqayisə etsək, kreditlər üzrə faiz gəlirləri və eləcə də xərcləri bir il əvvəlkindən azdır. Əgər 2018-ci ilin ikinci rübündə faiz gəliri 8 milyon manat idisə, 2019-cu ilin ikinci rübündə 5 milyon manata düşüb.
- Eləcə də bax: “Zıraat Bank Azərbaycan”ın xalis mənfəəti 26 dəfə azalıb
Xərcləri isə 22 milyon 143 min manatdır, bunun 11 milyonu faiz xərcləri, 10 milyonu isə qeyri-faiz xərcləridir. Bank xüsusi ehtiyatlara 2 milyon 399 min manat ayırıb və mənfəət vergisi ödəməyib.
Beləliklə, Atabank mənfəət açıqlayan bankların sırasında fəaliyyətini davam etdirir.