Putin AZAL təyyarəsinin qəzası ilə bağlı danışıb

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında Moskvada keçirilən görüşün əvvəlində əsas mövzu AZAL təyyarəsinin faciəvi qəzasi olub.
Putin bildirib ki, görüşə bu məsələ ilə başlamağı təklif edib və bir daha həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib. Onun sözlərinə görə, qəza bir sıra amillərlə, o cümlədən havada olan ukraynalı pilotsuz uçuş aparatı ilə əlaqədar olub.
Rusiya lideri qeyd edib ki, Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemindən buraxılan iki raket təyyarəyə birbaşa dəyməyib, partlayış bir neçə metr məsafədə baş verib:
“AZAL təyyarəsi raketlərin döyüş elementləri ilə deyil, böyük ehtimalla onların qəlpələri ilə zədələnib.”
Putinin sözlərinə görə, təyyarə heyətinə Mahaçqalədə eniş təklif edilsə də, onlar bazaya — əsas hava limanına istiqamət almağı qərara alıblar.
Rusiya Prezidenti həmçinin vurğulayıb ki, hadisə ilə bağlı bütün vəzifəli şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcək və qəzaya səbəb olan bütün amillər obyektiv şəkildə araşdırılacaq.
“Ən vacibi, bu faciənin əsl səbəbləri müəyyən edilməli və ictimaiyyətə açıq şəkildə təqdim olunmalıdır,” – deyə Putin əlavə edib.
O, kompensasiya ilə bağlı da müvafiq addımların atılacağını diqqətə çatdırıb.
Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.