“Azəristiliktəchizat” “Azəriqaz”a borcunu hələ də ödəmir
Bu ilin I yarısında “Azəristiliktəchizat” ASC 26 046 891 manat dəyərində 130 234 456 kubmetr təbii qaz istehlak etsə də, buna görə heç bir ödəniş etməyib.
"ENA" bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın 6.1.4. bəndinə əsasən “qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz təminatı dayandırıla bilər. Buna baxmayaraq “Azəriqaz” əhalinin qış aylarında mənzillərin qızdırılmasına və isti suya olan təlabatını nəzərə alaraq “Azəristiliktəchizat”ın qaz təminatını dayandırmayıb. İstehlak edilmiş qazın dəyərini bu günə qədər ödənilmədiyi və yay fəslinin olması nəzərə alınaraq, bəzi qazanxanaların qaz təminatı dayandırılıb.