Sosial iqtisadiyyat

Azərbaycanda universitet peşə məktəbini istifadəyə verməyə hazırlaşır

Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu bu ilin sonuna qədər istifadəyə veriləcək”.

ENA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Universitetin rektoru İbrahim Cəfərov deyib.

Onun sözlərinə görə, korpusun tikintisinə dövlət büdcəsindən ötən il 5 milyon manat, bu il isə 14 milyon manatdan çox vəsait ayrılıb.

“Ümumilikdə, son 3 ildə universitetin maddi texniki bazasının gücləndirilməsinə 50 milyon manatdan çox vəsait ayrılıb. Bu müddət ərzində Universitetin 2 yataqxanası tikilib ki, onların hər birinin inşasına, təxminən, 15 milyon manat xərclənib”, - İ.Cəfərov qeyd edib.

Bundan başqa, rektor əlavə edib ki, bu il Universitetin nəzdində peşə məktəbinin tikintisinə 3 milyon manat vəsait ayrılıb.

“Hazırda Avropada abituriyent peşə məktəbini əla qiymətlərlə bitirdikdə, seçdiyi ixtisas üzrə kollecə imtahansız daxil olur. Kolleci əla qiymətlərlə bitirdikdə də, o, universitetə qəbul oluna bilir. Bunları yaratmaq üçün bu il peşə məktəbi istifadəyə veriləcək. Bundan başqa, biologiya sahəsində gen mühəndisliyi böyük önəm kəsb edir. Bunun üçün də 3 milyon manat vəsait ayrılıb ki, onun 1 milyon manatı binanın təmirinə, 2 milyon manatı isə ora lazım olan avadanlığın alınmasına sərf ediləcək. Sentyabr ayının 15-də molekulyar biologiya mərkəzi tikilib istifadəyə veriləcək”, - o fikrini tamamlayıb. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)