Sosial iqtisadiyyat

Gömrükdə "Go Travel" sistemi tətbiq ediləcək

Dövlət Gömrük Komitəsi (DGK) Birləşmiş Millətlər Təşkilatının (BMT) Terrorla Mübarizə İdarəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı arasında "Hunter" layihəsi çərçivəsində Sərnişinlərə Dair İlkin Məlumat və Sərnişin Adlarının Qeydiyyatı üzrə "Go Travel" sisteminin tətbiqinə dair üçtərəfli görüş keçirilib.

Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov  bildirib ki, "Sərnişinlərə dair ilkin məlumat" və "Sərnişin adlarının qeydiyyatı" üzrə "Go Travel" sisteminin tətbiqi məlumatların əvvəlcədən gömrük orqanlarına ötürülməsinin təmin edilməsi yolu ilə sərnişinlərin səmərəli idarəolunması və turizmin inkişafı sahəsində qabaqlayıcı tədbirlərin operativ qaydada yerinə yetirilməsinə imkan yaradacaq. 

Həmçinin, Azərbaycanın strateji coğrafi mövqeyi gələcəkdə regional olaraq bir mərkəz kimi digər dövlətlər ilə bu sahədə qarşılıqlı sıx əməkdaşlığın və məlumat mübadiləsinin təmini əsasında daha effektiv sərhəd təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə və beynəlxalq və milli səviyyədə terrorizmin, insan qaçaqmalçılığının, çirkli pulların yuyulmasının, narkotik dövriyyəsinin və digər transmilli cinayətlərin qarşısının alınmasına şərait yaradacaq.

Komitə sədrinin müavini qeyd edib ki, beynəlxalq təcrübədə istifadə olunan məlumatların əvvəlcədən ötürülməsi prinsipi əsasında mallar və nəqliyyat vasitələri üzərində həyata keçirilən gömrük nəzarətinin səmərəliliyinin artırılması və cəmiyyət üçün potensial təhlükə ola biləcək halların vaxtında aşkarlanması, o cümlədən sadələşdirilmiş gömrük nəzarəti metodlarının tətbiqi sahəsində Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq işlər aparılmaqdadır. Bu istiqamətdə milli qanunvericilik bazasının tənzimlənməsi ilə bağlı görülən işlər barədə məlumat verən C.Qasımov bildirib ki, Gömrük Məcəlləsinin 131-ci maddəsinə istinadən gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs nəqliyyat vasitəsinin heyəti və sərnişinləri barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir. Eyni zamanda, "Mülki aviasiya haqqında" beynəlxalq konvensiyanın 9-cu əlavəsinin 9-cu fəslinin ("Sərnişinlərə dair məlumat mübadiləsi sistemi") 9.5-ci hissəsinə əsasən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzv ölkələri tərəfindən "Sərnişinlərə dair ilkin məlumat" (API-Advance Passenger Information) sisteminin tətbiqi məcburi xarakter daşıyır. Bununla yanaşı, məlumatların əvvəlcədən ötürülməsi normaları Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) və Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən birgə hazırlanmış API Təlimatının, yenilənmiş redaksiyada Kioto Konvensiyasının "J" əlavəsinin, "Sərnişinlərə dair ilkin məlumat və Sərnişin adlarının qeydiyyatı (PNR- Passenger Name Record) formasında məlumatların göndərilməsi"nə dair Ümumdünya Gömrük Təşkilatının tövsiyə sənədinin şərtləri ilə də müəyyən edilib.

C.Qasımov deyib ki, əsas məqsəd müasir sistemlərin tətbiqi əsasında qeyd olunan məlumatların emalının avtomatlaşdırılmış qaydada həyata keçirilməsi və daha effektiv nəzarət sisteminin formalaşdırılmasından ibarətdir. Bu məqsədlə Dövlət Gömrük Komitəsi Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı və Birləşmiş Millətlər Təşkilatı ilə ümumi sərhəd təhlükəsizliyinin təmin edilməsi və müasir sistemlərin tətbiqi üzrə sıx əməkdaşlıq edir. Bu məqsədlə cari ilin fevralın 19-da Dövlət Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Qüvvələri adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyi arasında birgə bəyanat imzalanıb. "Hunter" layihəsi və imzalanmış bəyanatın müddəalarının icrası çərçivəsində "Sərnişinlərə dair ilkin məlumat" və "Sərnişin adlarının qeydiyyatı" sisteminin ölkəmizdə tətbiqi, o cümlədən gömrük prosedurlarının sadələşdirilməsi və təcrübə mübadiləsinin bölüşdürülməsinin təmin edilməsi üçün Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti BMT-nin Vyana da yerləşən ofisinə səfər edərək "Go Travel" sistemi ilə yaxından tanış olub və bu sistemin ölkəmizdə tətbiqi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsinə təsdiq məktubu ünvanlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department