Maliyyə sektorunda “müvəqqəti kreslo”lar nə vaxt təsdiqlənəcək: Qanun nə deyir?
Azərbaycanın maliyyə sektorunda icra funksiyasını daşıyan məmurların çoxu oturduqları kresloda kimisə əvəz edirlər. Üstəlik, bu “vəzifələr üzrə əvəzedicilər dövrü" bitmək bilmir, illərlə təsdiqlənməyən kadr təyinatları isə nəticədə həmin sahədə idarəetməyə zərbə vurur, üstəlik icraçının özünün müvəqqəti oturduğu sahə üzrə iş məhsuldarlığını aşağı salır.
ENA.az olaraq, maliyyə sektorunda əvəzedicilərin və ümumiyyətlə boş qalan vakansiyaların siyahısını oxucularımıza təqdim edirik.
Başlayaq, ölkənin baş bankı olan və makrostabilliyə cavabdeh qurumdan – Azərbaycan Mərkəzi Bankından.
Eləcə də bax: Hansı bankların “ölü aktivləri” daha çoxdur: TƏHLİL+İNFOQRAFİKA
Azərbaycan Mərkəzi Bankında hazırda idarə heyəti tam tərkibdə fəaliyyət göstərmir. Bankın İdarə Heyəti 7 üzvdən ibarət olmalı olduğu halda illərdir ki, cəmi 4 üzvlə işləyir. Yəni, Mərkəzi Bank idarə heyətinin 3 üzvünü seçib təyinat verilməsini illərdir ki, uzadır.
Maliyyə Bazarlarına Nəzarət Palatasında idarə heyətinin fəaliyyətinə nəzarətedici funksiya daşıyan Direktorlar Şurasının ləğvindən sonra struktur dəyişdi. Hazırda təsdiqlənmiş struktura görə Palatanın ən yüksək vəzifə eşalonu İdarə Heyətidir. Amma məsələ burasındadır ki, artıq 9 aya yaxındır ki, ölkədə 30 bankın, bundan çox bank olmayan kredit təşkilatının, sığorta şirkətlərinin, qiymətli kağızlar və fond bazarının işini tənzimləyən bu requlyator orqanın İdarə Heyətinin hər dörd üzvü vəzifəsinə təsdiq edilməyib.
İbrahim Əsəd oğlu Alışov – İdarə Heyətinin sədri vəzifəsini icra edən
Asim Asəf oğlu Zülfüqarov – İdarə Heyətinin üzvü vəzifəsini icra edən
Əfqan Məhəmməd oğlu Baxışov – İdarə Heyətinin üzvü vəzifəsini icra edən
İmran İsmayıl oğlu Məmmədov – İdarə Heyətinin üzvü vəzifəsini icra edən
Ölkədə maliyyə dayanıqlığının qorunmasında və daha çox sosial funksiyaları ilə böyük bir əmanətçi ordusu üçün dövlətin qarantı rolunda çıxış edən Əmanətlərin Sığortalanması Fondunda idarə heyətinin sədri vəzifəsi də yalnız “əvəz olunur”.
Fondun əvvəlki direktorunun azadolmasından sonra başlanan məhkəmə işləri ilə bağlı məsələlərdən sonra təyinat alan Vüqar Rafik oğlu Abdullayev həm icraçı direktorunun müavini, həm də icraçı direktorun vəzifəsini müvəqqəti icra edən səlahiyyətini daşıyır.
Təyinat isə 1 avqust 2017-ci il tarixli Sərəncama əsasən olub. Yəni bu təyinatdan artıq 1 il 10 ay vaxt keçir.
Maliyyə Monitorinq Xidməti əvvəlcə Mərkəzi Bankın, sonra isə Maliyyə Bazarlarına Nəzarət Palatasının tabeliyində fəaliyyət göstərib. Beynəlxalq təcrübə nəzərə alınaraq, 2018-ci ildən Maliyyə Monitorinq Xidməti müstəqil qurum kimi işləməyə başladı.
Kamil Qafar oğlu Heydərov 2018-ci il 21 sentyabr tarixindən Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin edilib. Bu təyinatdan artıq 10 aya yaxın vaxt keçib.
Eləcə də bax: Azərbaycan manatını hecləşdirmək üçün 10-15 faiz marja istəyirlər- BANKİRLƏ MÜSAHİBƏ
Azərbaycan Respublikasının Əmək Məcəlləsində bu məsələlər öz hüquqi həllini tapıb və qanunla icraedici funksiyası bu qədər uzun müddət davam edə bilməz. Məcəllənin 61-ci maddəsinə görə, başqa işçinin əmək funksiyasının icrası zamanı:
1. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir.
2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.
3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.
4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir.
Qanundan göründüyü kimi, boş vəzifə üzrə işçi 3 aydan çox icarəedən vəzifəsində qala bilməz. Hüquqşünas Əkrəm Həsənovun ENA.az-a verdiyi açıqlamaya görə, şəxsi müvəqqəti 3 ay saxlamaq olar. 3 aydan sonra yenə də təyin etməyib əvəzedici kimi saxladıqda bu zaman işçinin qanunla hüququ var ki, məhkəməyə müraciət edib, təyinatını məhkəmə yolu ilə təsdiqlətsin.
Eləcə də bax: MKR-də çıxmayan kreditlərin “hekayəsi”: Həmin banklara qarşı tədbir görməlidir
“Əlbəttə ki, bu hal ümumilikdə yaxşı deyil. Bu sualı verməkdə də haqlısınız. Hazırda maliyyə sektorunda dövlət qurumlarında bir neçə rəhbərlər əvəzedicidir. Bu isə idarəetmədə effektivliyi aşağı salır. Həm də şəxsin özünün iş məhsuldarlığı da düşür. Bu ətrafdakıların tabeçiliyi, verilən qərarların icrası məsələsində də problem yaradır. Bu halda həmin əvəzedici də işinə müvəqqəti yanaşma nümayiş etdirir və bu vəzifədən sui-istifadə hallarına da səbəb ola bilər”.
P.S. Buna görə də tezliklə maliyyə sektorunda və digər sahələrdə "əvəzedicilər dövrü"nü bitirmək lazımdır. Bu həm də Azərbaycan Respublikasının qanunlarının tələbidir.