BP-dən açıqlama: "ExxonMobil" və "Chevron"un AÇG-də paylarının alınması qiymətləndirilir
ABŞ-ın “ExxonMobil” və "Chevron” şirkətlərinin “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda satışa çıxarılacaq paylarının AÇG səhmdarları tərəfindən birgə alınması prosesi çərçivəsində qiymətləndirmə aparılır.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
“Öncə dediyimiz kimi, konsorsium sözügedən şirkətlərin satmaq istədiyi payları əldə etmək barəsində danışıqlar aparmaq niyyətini artıq bildirib. Hazırda bu istiqamətdə danışıqlar aparılır”, - deyə B. Aslanbəyli vurğulayıb.
Qeyd edək ki,ümumi sxem ondan ibarətdir ki, AÇG səhmdarları birgə danışıqlar aparır və paylara sahib olurlar. Bundan sonra şirkətlər proporsional şəkildə layihədəki paylarına uyğun olaraq alınan səhmlərə yiyələnə biləcəklər.
Xatırladaq ki, “ExxonMobil” AÇG-dəki payını (6,79%), "Chevron” şirkəti isə həm sözügedən layihədəki (9,57%), həm də Bakı-Tbilisi-Ceyhan neft kəmərindəki paylarını (8,9%) satmaq niyyətində olduğunu artıq bildiriblər.
Hazırda AÇG-də iştirak edən şirkətlərin payı: BP (operator – 30,37%), SOCAR (25,0%), “Chevron” (9,57%), INPEX (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), “ONGC Videsh Limited” (OVL) (2,31%).