Mərkəzi Bank riskləri açıqladı - XƏBƏRDARLIQLAR
Ortamüddətli perspektiv üzrə risklər balansı mürəkkəbləşməkdədir.
"ENA"nın məlumatına görə, Mərkəzi Bank faiz qərarı ilə bağlı yaydığı açıqlamasında qeyd edib ki, xarici sektor üzrə başlıca qeyri-müəyyənlik qlobal iqtisadi artım perspektivlərinin pisləşməsi, ticarət müharibələrinin yeni dalğası və geosiyasi gərginlik fonunda neftin qiymət dinamikası ilə bağlıdır. Neftin may ayından başlayan ucuzlaşmasının davamlı xarakter alması iqtisadi gözləntilərə neqativ təsir edə bilər. Digər xarici risk mənbəyi dünya ərzaq bazarlarında bahalaşmanın davam etməsi və potensial inflyasiya idxalıdır. Ticarət tərəfdaşı ölkələrinin maliyyə bazarlarında qeyri-sabitlik riski isə nisbətən azalmışdır ki, bu da qabaqcıl ölkələrdə monetar siyasətin daha da sərtləşməsi gözləntilərinin azalması ilə izah edilir.
Daxili risk amillərinin reallaşması sosial xarakterli fiskal stimullar və maliyyə sektoru ilə bağlı qərarların istehlak bazarına və monetar sektora təsirinin miqyasından asılı olacaqdır. Son aylarda müşahidə edilən proseslər bu təsirlərin zaman üzrə yayıldığını göstərir. Qeyd olunan faktorların inflyasiyaya ötürücülüyü dərəcəsi tam olaraq ilin sonuna formalaşacaqdır. Mürəkkəbləşməkdə olan xarici fonda fiskal siyasətin mövcud qaydalar çərçivəsində həyata keçirilməsi, fiskal siyasətlə monetar siyasətin vahid çərçivədə sərt əlaqələndirilməsi dayanıqlı makroiqtisadi sabitliyin baza şərti olaraq qalır.