"Yunanıstan avro məkanına saxtakarlıq yolu ilə daxil olub"
"Yunanıstan hökuməti 2001-ci ildə avro məkanına daxil olmaq üçün statistika məlumatlarını saxtalaşdırmışdı".
"ENA" xəbər verir ki, bunu Avropa Komissiyası prezidenti Jan Klod Yunker bildirib.
“Avro hamımızın müştərək valyutamızdır, bundan da geri yol yoxdur. Valyuta birliyi nikahdan belə daha möhkəm olmalıdır, əks təqdirdə etimad qazanmaz. Odur ki, avro məkanına yeni ölkələr qəbul edərkən son dərəcə ehtiyatlı olmalıyıq. 2001-ci ildə Yunanıstanın birliyə daxil olarkən statistuika məlumatlarını saxtalaşdırdığı doğrudur”, – o deyib.
Avropa Komissiyasının prezidenti bunu hələ də özünə bağışlamadığını etiraf edib.
Qeyd edək ki, 2001-ci ildə Lüksemburqun maliyyə naziri vəzifəsini tutan J.K.Yunker Avropa statistika qurumunun milli iqtisadiyyatlara dair statistikası ilə məşğul olmasının qatı əleyhdarı olsa da, artıq bunun səhv olduğu qənaətindədir.
Həmçinin Yunanıstanın iqtisadi böhran dövründə avro məkanından çıxmasına qarşı olduğunu söyləyən J.K.Yunker bunun bütün sistemin sabitliyi üçün təhlükə yaratdığını diqqətə çatdırıb: “Bu ölkə avro məkanından çıxsa, avro çökər. Halbuki avronu dəstəkləmək üçün bir avro belə xərcləyən olmayıb”.